AMEA-nın illik ümumi yığıncağı keçirildi
24.04.2013 / Xəbərlər24 aprel 2013-cü il tarixdə AMEA Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirildi.
Öncə AMEA Rəyasət Heyətinin üzvləri, bir sıra institut və təşkilatlarının rəhbərləri Fəxri Xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və digər görkəmli elm xadimlərinin məzarlarını ziyarət etdilər, onların unudulmaz xatirələrinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq məzarları üzərinə tər gül dəstələri qoydular, ruhları qarşısında baş əydilər.
Yığıncaqda AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatlarının direktorları, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AR Milli Məclisinin nümayəndələri, elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan digər məsul şəxslər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
AMEA Rəyasət Heyətinin binasının foyesində AMEA-nın elmi-tədqiqat institutlarının fəaliyyətini əks etdirən sərgi nümayiş etdirildi.
Tədbirdən öncə 2012-ci ildə dünyasını dəyişmiş AMEA-nın doqquz üzvünün - sabiq prezident, akademik Mahmud Kərimovun, akademiklər Bəkir Nəbiyev, Midhət Abbasov, Budaq Budaqov, müxbir üzvlər Rəhim Hüseynov, Bala İsgəndərov, Anar Əlizadə, İsgəndər Cəfərov və Oqtay Əfəndiyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yığıncağı giriş sözü ilə açan AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Akif Əlizadə AMEA-nın 48 həqiqi üzvündən 44-nün, 90 müxbir üzvündən 84-nün iştirak etdiyini, yığıncağın gündəliyinə üç məsələnin - AMEA-nın ötən ildəki fəaliyyəti haqqında hesabat, AMEA prezidentinin seçkisi və AMEA Rəyasət Heyətinin seçilməsinin daxil edildiyini bildirdi.
Gündəlik səsə qoyularaq təsdiq edildi.
Məruzə ilə bağlı müzakirələrdə çıxış edən akademiklər Əhliman Əmiraslanov, İsmayıl İbrahimov, Telman Əliyev, Abel Məhərrəmov, İsmayıl Hacıyev, Teymur Bünyadov və Vasim Məmmədəliyev son zamanlar AMEA-da geniş miqyasda aparılan elmi-tədqiqat işlərindən, əldə olunan nəticələrdən və onların təcrübəyə tətbiqindən söhbət açdılar.
AMEA-nın 2012-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edildi, hesabat yekdilliklə təsdiq edildi.
Sonra AMEA-nın prezidenti vəzifəsinə seçkilər oldu.
Akademik Ədilə Namazova çıxış edərək görülmüş işlərdən danışdı, Akif Əlizadənin namizədliyini dəstəklədi.
Gizli səsvermə nəticəsində akademik Akif Əlizadə yekdilliklə AMEA-nın prezidenti seçildi.
AMEA-nın yeni prezidenti, akademik Akif Əlizadə qarşıdakı dövr üçün fəaliyyət proqramı ilə əlaqədar çıxış etdi, göstərilən yüksək etimadı doğruldacağına söz verdi. 50 ildən artıqdır akademiya sistemində çalışdığını söyləyən A.Əlizadə oktyabr ayında keçiriləcək prezident seçkilərində hamının cənab İlham Əliyevə səs verəcəyinə əmin olduğunu vurğuladı.
Sonra AMEA Rəyasət Heyətinin tərkibi seçildi.
Akademiklər Akif Hacıyev, İbrahim Quliyev, İsa Həbibbəyli və Tofiq Nağıyev AMEA-nın vitse-prezidenti, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev isə akademiyanın akademik-katibi seçildi.
Səsvermə yolu ilə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə akademik Akif Hacıyev, Kimya Elmləri Bölməsinə AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev, Humanitar və İctimai Elmlər Bölməsinə AMEA-nın müxbir üzvü Kamal Abdullayev, Yer Elmləri Bölməsinə AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov, Biologiya və Tibb Elmləri Bölməsinə akademik Əhliman Əmiraslanov, Aqrar Elmlər Bölməsinə akademik Qərib Məmmədov akademik-katib seçildi.
elm.az