Mühəndis kimi düşünə bilən süni intellekt hazırlanıb!
17.10.2024 / Maraqlı məlumatlarLeap 71 adlı bir şirkət tərəfindən hazırlanan Noyron adlı süni intellekt mühəndislik dünyasında inqilab yaradır. Bu süni intellekt, mühəndis kimi düşünə bilir.
Leap 71-in qurucularından Lin Kayser, Noyron-un ənənəvi kompüter dəstəkli dizayn (CAD) proqramlarından çox irəli olduğunu qeyd edir. Parametrik CAD proqramları yalnızca həndəsəyə diqqət yetirir, Noyron isə fiziki modelləşdirmə, istehsal prosesləri və mühəndislik məntiqini birləşdirərək dizaynlar yaradır. Məsələn, Noyron RP - raket mühərrikləri, Noyron EA - elektromaqnit sistemləri və Noyron HX - istilik dəyişdiriciləri üçün xüsusi olaraq optimallaşdırıla bilər. Bu yolla, Noyron yalnız bir forma yaratmaqla kifayətlənmir, həm də həmin obyektin real dünyadakı performansını proqnozlaşdırır.
Noyron daim real dünya məlumatları ilə qidalanaraq özünü təkmilləşdirir. Hər yeni test nəticəsi, uğurlu və ya uğursuz olsun, sistemə geri bildiriş olaraq daxil edilir və beləliklə, proqram hər dəfə daha ağıllı və dəqiq nəticələr yaradır. Bu bacarıq, mühəndislik dünyasında tamamilə yeni bir dövrün başlanğıcını göstərir. Noyron-un real dünyadakı potensialını yoxlamaq üçün Leap 71 komandası, University of Sheffield və 3D çap firması AMCM ilə əməkdaşlıq edərək 5 kilonyuton gücündə bir raket mühərriki dizayn edib. Bu mühərrik, Noyron tərəfindən tamamilə avtonom olaraq dizayn edilmiş ilk raket mühərriki kimi xarakterizə olunur. Mühərrik maye oksigen və kerosin istifadə edir. Bu 2 komponent, çox təhlükəli və həssas şəraitdə işləməyi tələb edən yanacaq birləşməsidir.
Bu mühərrik üçün aparılan testlər də olduqca ümidverici idi. 13 saniyəlik yanma testi mühərrikin sabitliyini və etibarlılığını təsdiq edib. Ənənəvi mühəndislik biliklərini hesablama sahəsinə daşımaq, süni intellektin bacarıqlı bir insan mühəndisinin həftələrlə, hətta aylarla çəkə biləcək işini dəqiqələr ərzində başa çatdırmasını təmin edir. Paradiqmalar sürətlə dəyişir. Ənənəvi CAD proqramları ilə məhsuldar süni intellekt həlləri müqayisə olunduqda, Noyron tamamilə fərqli bir şəkildə işləyir. Məsələn, ChatGPT kimi süni intellekt vasitələri hər dəfə fərqli nəticələr verə bilər və insan mühəndislərin daimi nəzarətinə ehtiyac duyar. Noyron isə bu cür nəzarətə ehtiyac duymur.
Normal süni intellekt modelləri ilə dizayn olunan hissələrdə mühəndis nəzarəti tələb olunur. Bəzən təklif olunan hissələr praktik olmaya bilər və ya zəif ola bilər. Buna görə mühəndislər intuitiv olaraq qərarlar verib, düzəlişlər etməlidilər. Noyron isə mühəndis müdaxiləsi olmadan bütün prosesi həyata keçirməyi hədəfləyir. Bu proqram, “qutudakı mühəndis beyni” kimi təsvir olunur və hər qərarı açıq bir məntiqlə verir. Beləliklə, insan mühəndislər Noyron-un verdiyi qərarları izləyib, lazım olduqda modeli təkmilləşdirə bilirlər.
Noyron-un ən böyük üstünlüklərindən biri isə sürətli iterasiya prosesidir. Ənənəvi metodlarla həftələrlə davam edən dizayn və test mərhələləri, Noyron ilə dəqiqələr ərzində tamamlanır. Bu sürət, mühəndislərin yeni materialları sınamaq və ya dizayn parametrlərini dəyişmək məsələsində daha cəsarətli olmasına şərait yaradır. Əvvəllər vaxt itkisindən qorxulduğu üçün riskli görünən yaradıcılıq həlləri artıq sürətlə yoxlanıla bilər. Noyron-un güclü tərəflərindən biri də real dünyadan gələn test nəticələrini gələcək dizaynlara birbaşa inteqrasiya edə bilməsidir. Ənənəvi mühəndislik proseslərində dizayn və test mərhələləri ayrı tutularkən, Noyron bu dövrü sürətləndirərək test nəticələrini dərhal modelə daxil edir. Bu da mühəndislərin səhvləri sürətlə görüb, aradan qaldırmasına imkan yaradır.
Leap 71-in bacarıqları yalnız raket mühərrikləri ilə məhdudlaşmır. Şirkətin qurucusu Lin Kayser, gələcəkdə mühəndislik sahəsində ümumi məqsədli süni intellekt hazırlamağı hədəflədiklərini qeyd edir. Bu sistem, raket hissələrindən istilik dəyişdiricilərinə, təyyarə gövdələrindən bəndlərə və hətta termonüvə mühərriklərinə qədər hər şeyi dizayn edə biləcək qabiliyyətə sahib olacaq. Bu, bir növ "Iron Man"də Tony Stark-ın hər şeyi dizayn edən süni intellekti Jarvis-ə bənzəyir, ən azından Kayser-in açıqlamaları bu istiqamətdədir. Leap 71, yalnız aviasiya və kosmos mühəndisliyi deyil, mürəkkəb mühəndislik tələb edən hər cür problemi həll edə biləcək bir süni intellekt yaratmağı qarşısına məqsəd qoyub. Kayser-ə görə, Noyron-un 5 kilonyutonluq raket mühərriki ilə uğurla keçirilən test, bu geniş süni intellektin potensialını sübut edən ilk addımdır.