Azərbaycanda elektron ticarətin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub
11.07.2018 / Xəbərlər11 iyul 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Bakıda “Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbir NRYTN və Aİ tərəfindən 2017-ci ildən reallaşan “Azərbaycan Respublikasında elektron xidmətlərin və elektron ticarətin inkişafının gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub.
“Dəyirmi masa”nın məqsədi milli elektron ticarətin inkişafı istiqamətində müxtəlif dövlət qurumlarının səylərini birləşdirəcək platforma təklif etmək, elektron ticarət sahəsində kiçik və orta sahibkarların üzləşdiyi mövcud maneələri və fəaliyyət məhdudiyyətlərini müzakirə edərək təkliflər hazırlamaqdır.
Dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektorun nümayəndələrinin iştirak etdiyi tədbir “E-kommersiya biznesinin (təchizat zənciri, logistika və s.) inkişafı məqsədilə kiçik və orta sahibkarlığa dövlət dəstəyi”, “E-kommersiya biznesi qurarkən kiçik və orta sahibkarların üzləşdiyi mövcud maneələr, fəaliyyət məhdudiyyətləri və bu maneələrin aradan qaldırılması yolları”, “E-kommersiya sahəsində qabaqcıl beynəlxalq təcrübə” kimi mövzuları əhatə edib. “Dəyirmi masa”da, həmçinin “Bakı E-kommersiya Forumu-2018” layihəsinin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə son illərdə qlobal iqtisadi çağırışlara uyğun genişmiqyaslı iqtisadi islahatların aparılmasından söz açıb.
R.Quluzadə əlavə edib ki, iqtisadiyyatın diversifikasiyası, sahibkarlığın və qeyri-neft sektorunun inkişafı Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir: “Son illərdə ölkədə elektron ticarət sürətlə inkişaf edir. 2016-cı ildə Azərbaycanda pərakəndə elektron kommersiya dövriyyəsi 25 613 000 manat, 2017-ci ildə isə 46 227 000 manat olub. Hazırda BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) B2C elektron kommersiya indeksində Azərbaycan 144 ölkə arasında 68-ci yerdədir” - deyə nazir qeyd edib.
Daha sonra Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edib. Azərbaycanın Aİ üçün vacib partnyor olduğunu qeyd edən səfir bu əməkdaşlığın 20 ildən artıq davam etdiyini bildirib.
Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini İqbal Babayev isə çıxışında bu sahənin inkişafında rast gəlinən problemlərə toxunub: “Azərbaycanda elektron ticarət dinamik inkişaf edir.
Daha sonra BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) İKT siyasəti şöbəsinin müdiri, UNCTAD-ın İKT, e-kommersiya və rəqəmsal iqtisadiyyat sahələri üzrə məsul şəxsi Torbyorn Fredriksson çıxış edib.
Tədbirdə həmçinin AMEA İdarəetmə Sistemləri İnstitutunun “Xarici Əqələr və İnnovasiya” şöbəsinin rəhbəri, HORİZON 2020 proqramının Hüquqi və Maliyyə aspektləri üzrə Milli təmsilçisi (Legal&Financial NCP HORIZON 2020), Azərbaycanda HDM üzrə ekspert Tofiq Babayev da iştrak edib.
Çıxışlardan sonra isə “Azərbaycanda elektron ticarətin inkişafının əsas meyarları”, “Elektron kommersiya istifadə olunmayan potensialdır” kimi mövzularda məruzələr dinlənilib və özəl sektor nümayəndələrinin fəal iştirakı ilə fikir mübadiləsi aparılıb. Ölkədaxili elektron ticarətlə məşğul olan sahibkarların mövcud vəziyyətlə bağlı fikirləri və təklifləri dinlənilib. Özəl sektoru təmsil edən iştirakçılar elektron ticarətin inkişafı ilə bağlı mövcud problemlər və çətinliklər barəsində danışıb və onların aradan qaldırılması üçün dövlət qurumları tərəfindən müvafiq addımların atılmasını təklif ediblər.