
20 Yanvar Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) 20 Yanvar Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, alim və mütəxəssislər iştirak ediblər.
Öncə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra İSİ əməkdaşları tərəfindən hazırlanan 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbiri İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq bəşəriyyətə qarşı törədilmiş ən amansız cinayətlərdən biri olan 20 Yanvar hadisələrinin tarixi və səbəbləri haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan xalqının əzmini, azadlıq istəyini boğmağa çalışan sovet rejimi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə tarixdə misli görülməmiş bir cinayət aktını həyata keçirdi. Bu təcavüz nəticəsində ümumilikdə 146 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu.
Qanlı yanvar hadisəsinin gedişatı və nəticələrindən bəhs edən Ə.Abbasov xüsusilə vurğulayıb ki, Azərbaycan xalqına qarşı həyata keçirilmiş dəhşətli soyqırımı barəsində ən kəskin bəyanatı məhz Ümumilli Lider Heydər Əliyev vermişdir. Ulu Öndər sovet rejimi tərəfindən göstərilən təzyiqlərə baxmayaraq xalqın haqq səsinin dünyaya çatdırılması istiqamətində əməli addımlar atdı. Faciə törədildikdən bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi və beləliklə, faciəyə ilk siyasi qiymət verildi.
Ə.Abbasov bu gün Ümummilli Liderin siyasi kursunun ölkə başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirərək ölkənin hərtərəfli inkişafına istiqamətlənən konsepsiyalardan söz açıb. Qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən 44 günlük Vətən müharibəsi son illərin ən mühüm qələbəsi kimi dünya tarixinə qızıl hərflərlə yazıldı. Bu tarixi zəfərin ardınca lokal xarakterli antiterror əməliyyatının tam dəqiqliklə həyata keçirilməsi ilə Azərbaycanın suverenliyi tamamilə bərpa olundu.
Ə.Abbasov çıxışının sonunda faciə qurbanlarını ehtiramla yad edərək onların əziz xatirəsinin daim qəlblərdə yaşayacağına əminliyini ifadə edib.
Sonra İSİ-nin laboratoriya müdiri, professor Ramin Rzayev çıxış edərək 20 Yanvar faciəsinin gedişatı və əsasında duran səbəblərdən bəhs edib. Bildirib ki, hələ 80-ci illərdə Dağlıq Qarabağa müstəqillik verilməsinə çalışan, Azərbaycanın ərazi bütövlüyünə göz dikmiş ermənilərə havadarlıq edən SSRİ rəhbərliyi bir sıra cinayətlər törətmiş, Qarabağ və İrəvan ərazisindən azərbaycanlıları deportasiya etmiş, Sumqayıt hadisələrini törətmişdir.
Qeyd edib ki, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq Bakıda fövqəladə vəziyyət elan olunması haqqında fərman imzaladı. Lakin Bakıda dinc əhaliyə divan tutulması üçün hazırlanmış plan məxfi şəkildə həyata keçirildi. Fövqəladə vəziyyətin elan olunmasından xəbərsiz olan əhaliyə amansız şəkildə divan tutuldu, bəşər tarixində görünməyən vəhşiliyə əl atıldı. Qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc insanlar sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildi.
20 Yanvar faciəsinin faktiki olaraq SSRİ-nin süqutunun başlanğıcı olduğunu qeyd edən R.Rzayev Ermənistan və onun havadarlarının Azərbaycan xalqının azadlıq əzmini qırmaq məqsədinə nail ola bilmədiyini qeyd edib. Belə ki, yenilməz və şücaətli xalqımız faciənin ertəsi günü meydanlara axışaraq günahsızcasına şəhid edilmiş soydaşlarının dəfnində iştirak etdi, azadlıq nidaları səsləndirdi.
20 Yanvar tarixinin Azərbaycan xalqının başına gələn dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də azadlıq mübarizəsinin rəmzi, qəhrəmanlıq salnaməsi olduğunu bildirən R.Rzayev öz xatirələrini bölüşüb, faciə qurbanlarını ehtiramla yad edib.
Professor çıxışının sonunda hazırda həm ərazi bütövlüyünü, həm də suverenliyini tamamilə bərpa etmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti sayəsində dünyanın qabaqcıl ölkələri sırasında öz layiqli yerini tutduğunu qeyd edib, qarşıda duran hədəflərdən bəhs edib.
Daha sonra professor Abbas Rzayev, r.e.d. İlqar Məmmədov, r.ü.f.d., dosent Ədalət Paşayev və r.ü.f.d. Rəhilə Sadıqova çıxış edərək 20 Yanvar faciəsinin tarixi və səbəblərindən bəhs edib, xatirələrini bölüşüblər.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaq!