
Professor Qorxmaz İmanov: “Azərbaycanın diversifikasiya modelinin qeyri-səlis variantını yaratmışıq”

Bu sözləri AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov müsahibəsi zamanı səsləndirib. Professor cari ildə rəhbərlik etdiyi laboratoriyada həyata keçirilən fundamental tədqiqatlar və Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində qarşıda duran hədəflərlə bağlı suallarımızı cavablandırıb.
Müsahibənin tam mətnini təqdim edirik:
– Qorxmaz müəllim, laboratoriyanızda Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində hansı tədqiqatlar həyata keçirilir?
– Qeyd etmək istərdim ki, laboratoriyamızda uzun illərdir ölkə başçısının Azərbaycanda sosial-iqtisadi sistemin inkişafına istiqamətlənən müxtəlif sərəncamları əsasında tədqiqat işləri uğurla həyata keçirilir. Cari ildə aparılan tədqiqatlarımızın əsas istiqaməti də məhz ölkə başçısının sözügedən sərəncamından irəli gələn Azərbaycan iqtisadiyyatının diversifikasiyası məsələsidir. Gördüyümüz işlər iqtisadiyyatın diversifikasiya modelinin qeyri-səlis variantının hazırlanması istiqamətindədir.
Bildiyimiz kimi, dünya səviyyəsində iqtisadi diversifikasiyanın qiymətləndirilməsinin bir neçə modeli məlumdur. Bu modellər əsasən, riyazi statistik üsullarla həyata keçirilir və müəyyən nəticələr əldə edilir. Lakin iqtisadi göstəricilərin əsası orta ədədlər olduğundan burada qeyri-müəyyənlik problemi ortaya çıxır ki, onun da həllində qeyri-səlis çoxluqların və qeyri-səlis məntiqin tətbiq olunması zərurəti meydana gəlir. Biz də bununla əlaqədar olaraq qeyri-səlis üsullardan istifadə edərək Azərbaycanın diversifikasiya modelinin qeyri-səlis variantını yaratmışıq.
– 2024-cü ildə əldə edilmiş əsas elmi nəticələriniz hansılardır?
– Cari ildə əldə etdiyimiz mühüm elmi nəticə sosial keyfiyyət indeksinin hesablanmasıdır. Sosial keyfiyyət indeksi iqtisadi tədqiqatlarda yeni bir anlayış olduğuna görə onu bir qədər aydınlaşdırmaq istərdim.
Sosial keyfiyyət nəzəriyyəsi dünyada ilk dəfə olaraq Skandinav ölkələrində yaranmış və onun həlli üsulları tətbiq edilmişdir. Sosial keyfiyyət iqtisadi fəaliyyətin sosial nəticələrinin qiymətləndirilməsi göstəricisidir, yəni iqtisadiyyatda əsas göstərici ümumi daxili məhsul olduğundan onun nəticəsini hesablamaq üçün sosial keyfiyyət indeksinə baxılır. Sosial keyfiyyət indeksi sosial müdafiə, sosial birlik, sosial iştirak və sosial inkluzivlik kimi dörd əsas göstəricini əhatə edir.
Qeyd etdiyim kimi, cari ildə laboratoriyamızda sözügedən göstəricilər əsasında hesablamalar aparılmış və sosial keyfiyyətin inkluzivlik indeksinin hesablanması istiqamətində mühüm elmi nəticələr əldə olunmuşdur. Nəticələrimiz müxtəlif nüfuzlu jurnallarda, o cümlədən ABŞ-da çap olunan “Discovery Analitics” jurnalında çap olunmuşdur.
– Cari ildə hansı elmi nəticələriniz praktikada uğurla tətbiq olunub?
– Artıq ikinci ildir ki, biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə işlər həyata keçiririk. Gördüyümüz işlər əsasən, Avropa ilə Asiya arasında körpü rolu oynayan, iqtisadi cəhətdən əsas beynəlxalq ticarət yollarının birləşdiyi əlverişli Azərbaycan dəhlizlərindən keçən müxtəlif nəqliyyat marşrutlarının qiymətləndirilməsidir. Yəni, biz Azərbaycandan Şimal və Cənub, Şərq və Qərb istiqamətlərində yüklərin daşınmasını təmin etmək üçün xüsusi model təklif etmiş və onun əsasında nəqliyyat marşrutlarının qiymətləndirilməsini həyata keçirmişik. Qeyd etdiyim kimi, bizim yaratdığımız model hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanında uğurla tətbiq edilir.
– Növbəti il laboratoriyanız tərəfindən hansı fundamental tədqiqatların aparılması gözlənilir?
– Bildiyiniz kimi, hazırda rəqəmsal cəmiyyətin yaradılması üçün süni intellekt əsasında geniş tədqiqatlar aparılır. Biz də hazırda süni intellekt üsullarının sosial iqtisadi sistemlərin idarə olunmasında tətbiqi istiqamətində tədqiqatlar aparırıq. Yəni, burada riyazi modeldən başqa hazırda dünyada geniş vüsət alan “Dil” modeli və “İqtisadi agentlər” modelinə qeyri-səlis üsulları qoşmaqla yeni modellər sisteminin yaradılması üzərində işləyirik. Mənə elə gəlir ki, bu gələcəkdə bizim elmimiz üçün yüksək nəticələrdən biri ola bilər.
– “Ölkənin iqtisadi şaxələnməsinin dayanıqlı səviyyəsinin qeyri-səlis qiymətləndirilməsi” mövzusunda apardığınız tədqiqat işinizin ölkənin iqtisadi inkişafına nə kimi təsirləri var?
– Bu sahədə çalışan iqtisadçılar sözügedən tədqiqatın nəticələrini tətbiq etməklə Azərbaycan iqtisadiyyatının şaxələnmə səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görə bilərlər. Qeyd etməliyəm ki, mənim təklif etdiyim üsullar sadəcə Azərbaycanda deyil, qlobal məkanda da praktiki məsələlərin həllində isitifadə edilə bilər.
– İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışa istiqamətlənən tədqiqatlarınız varmı?
– Hazırda işğaldan azad olunmuş ərazilər üzrə ətraflı sosial-iqtisadi məlumatlar təəssüf ki, yoxdur. Gələcəkdə həmin ərazilərdə olan təbii və insan resursları əsasında yeni model yaratmaq və işğaldan azad olunmuş ərazilərimizin inkişaf istiqamətlərini daha dəqiq müəyyən etmək olar.
– Təşəkkür edirik, Qroxmaz müəllim. Son olaraq Azərbaycanın sosial-iqtisadi inkişafı sahəsinə yönələn gənclərə tövsiyəniz nə olardı?
– Mənim əsas tövsiyəm iqtisadi tədqiqatlarda dəqiq alətlərdən istifadə etməklə düzgün qərar qəbul etmələri olardı. Yəni, hazırda dünyada baş verən IV Sənaye inqilabı və onunla əlaqədar yaranan yeni üsullar - süni intellekt, obrazların tanınması və müxtəlif riyazi modellərin, yanaşmaların istifadə olunması ilə daha müasir gənc kimi böyümələrini arzu edərdim. Zənnimcə, bunun üçün ilk növbədə riyazi biliklərə dərindən yiyələnmək, analitik üsulları öyrənmək və onların cəmiyyətin müxtəlif sahələrində tətbiqini uğurla həyata keçirmək lazım gəlir.
Müsahibəni apardı: Nərmin Məmmədova