
“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

Dünyanın 350-yə yaxın nüfuzlu universiteti və qabaqcıl texnologiya şirkətlərinin 8000-dən çox təliminə qeydiyyat başladı.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-nin “Coursera” şirkətinin birgə əməkdaşlığı ilə “Milli Proqram”a start verilib.
SOCAR, “PASHA Holding”, bp və JOCAP şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilən proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən ödənişsiz faydalanması nəzərdə tutulub.
Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.