
Microsoft CTO-su: "5 ildən sonra süni zəka proqram təminatı kodunun 95%-ni tərtib edəcək"
04.04.2025 / Maraqlı məlumatlar
Microsoft-un texniki direktoru Kevin Scott bildirib ki, artıq 5 ildən sonra prqram təminatı kodunun 95%-i süni zəka tərəfindən tərtib olunacaq. O, izah edib ki, süni zəka kodun böyük hissəsini yaza bilsə də, proqram təminatının hazırlanmasının əsas mahiyyəti - dizayn, arxitektura və ümumi yaradıcılıq istiqaməti - insanın əlində qalacaq. Scott bu fərqi xüsusi vurğulayaraq əlavə edib: “Bu, süni zəkanın proqram təminatı hazırlanması işini tam yerinə yetirəcəyi demək deyil”. O, hesab edir ki, proqramçıların proqram təminatının yaradılmasında iştirakı azalmaq əvəzinə sabit qalacaq.
Artıq real dəyişikliklər də baş verir. İsveçin maliyyə texnologiyaları şirkəti Klarna, süni zəka sahəsindəki nailiyyətlər səbəbilə insan işə götürməyə son verdiyini bildirib. Salesforce isə bu il yeni mühəndis qəbul etməyəcəyini açıqlayıb. Bu arada Hindistanın texnologiya nəhəngi Inmobi bəyan edib ki, şirkətdə yazılan kodun 80%-i tezliklə avtomatlaşdırılacaq və mühəndislər nəticədə işlərini itirəcəklər. Eyni zamanda METR Evaluations-un təhlilinə görə, süni zəka sistemlərinin tapşırıqları müstəqil şəkildə yerinə yetirmək bacarığı sürətlə yaxşılaşır. Süni zəkanın avtonom işləmə müddəti hər 7 ayda bir ikiqat artır və 2027-ci ilə qədər bu sistemlərin 8 saatlıq iş gününü 50% uğur göstəricisi ilə yerinə yetirəcəyi proqnozlaşdırılır.


