
Ali təhsil müəssisələrində təhsil alan tələbələrin İdarəetmə Sistemləri İnstitutunda təcrübə keçməsi davam edir
29.04.2025 / Mühüm xəbərlər
Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu (İSİ) ilə respublikanın ali təhsil müəssisələri arasında kadr hazırlığı sahəsindəki əməkdaşlıq çərçivəsində bakalavriat və magistratura səviyyəsi üzrə təhsil alan tələbələr 17 fevral 2025-ci il tarixindən etibarən İSİ-də istehsalat və elmi tədqiqat təcrübəsi keçməyə başlayıblar.
Bakı Dövlət Universitetinin 81 bakalavrı (onlardan 59-u SABAH qruplarının tələbələri), Azərbaycan Memarlıq və İnşaat Universitetinin 17 bakalavr və 24 magistrantı, Azərbaycan Texniki Universitetinin 30 bakalavrı, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 45 bakalavrı, Bakı Mühəndislik Universitetinin 36 bakalavrı və Azərbaycan Universitetinin 10 bakalavrı olmaqla ümumilikdə 243 tələbə ixtisaslarına uyğun olaraq İSİ-nin müvafiq laboratoriyalarında təyin olunmuş cədvəl üzrə təcrübə keçirlər.
Təcrübə müddətində tələbələr institutda aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olur, əldə olunan elmi nailiyyətlər haqqında ətraflı məlumatlandırılır, təcrübə rəhbərləri tərəfindən onlara verilən tapşırıqları yerinə yetirir, təhsil müddətində əldə etdikləri nəzəri biliklərini təcrübədə tətbiq edərək öz tədqiqatçılıq bacarıqlarını daha da təkmilləşdirir, müstəqil əmək fəaliyyətinə və akademik mühitə hazırlaşırlar. Tələbələr həmçinin institutun Elmi seminarlarında da iştirak edirlər.
Hazırda magistratura səviyyəsi üzrə təhsil alan tələbələrin elmi-tədqiqat təcrübələri artıq müvəffəqiyyətlə başa çatıb, bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələrin isə istehsalat təcrübəsi davam edir.


