
Pekində ilk dəfə Ümumdünya İnsanabənzər Robot Oyunları keçiriləcək

İlk Ümumdünya İnsanabənzər Robot Oyunları 15-17 avqust tarixlərində Çinin paytaxtı Pekində keçiriləcək.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, robot yarışları daha əvvəl Olimpiya Oyunlarına ev sahibliyi edən "Quş Yuvası" Milli Stadionu və "Buzlu Lent" Milli Konki Stadionunda təşkil olunacaq.
Qarşıdan gələn oyunların proqramı ənənəvi idman növlərinə əsaslanır və 11 idman növü üzrə yarışları əhatə edəcək. Bunlara 100 m, 400 m, 1500 m, 100 m estafet, 100 m məsafəyə maneələrlə qaçış, uzunluğa və hündürlüyə tullanma, eləcə də 2x2, 3x3 və 5x5 formatlarında gimnastika və futbol yarışları daxildir.
Yarışlarda insanabənzər robotların ilk növbədə atletik qabiliyyətləri, koordinasiya və komandada işləmək bacarıqları qiymətləndiriləcək.