
Marsda səthaltı su 20 km dərinlikdə yerləşə bilər
13.05.2025 / Maraqlı məlumatlar
Geofiziklərdən ibarət beynəlxalq qrup Qırmızı planetin öyrənilməsində mühüm bir irəliləyiş əldə edib. Belə ki, NASA-nın InSight missiyasının seysmometrinin məlumatlarından istifadə edərək alimlər Marsın səthinin 5-20 kilometr dərinliyində geniş bir maye su ehtiyatının mövcudluğunu təsdiqləyiblər. Hesablamalara görə, aşkar edilmiş su ehtiyatları bütün planeti 1.6 km dərinliyində bir okeanla örtməyə yetərlidir.
Bu kəşf planetin geoloji təkamülü və potensial yaşayış imkanı haqqında təsəvvürləri əsaslı şəkildə dəyişə bilər. 2018-2022-ci illər arasında Marsda fəaliyyət göstərmiş InSight modulu Mars zəlzələlərini və meteorit zərbələrini qeydə alaraq planetin bir növ tomoqrafiyasını yaradıb. Çin Elmlər Akademiyası, Avstraliya Milli Universiteti (ANU) və Milan-Bikokka Universitetinin geofizikləri 3 seysmik hadisənin - S1000a, S1094b və S1222a - məlumatlarını təhlil edərək Mars qabığının daxili quruluşunu yüksək dəqiqliklə müşahidə edə biliblər. Alimlər 3 təbəqə ayırıblar:
- 2.6 km-ə qədər - bazalt, buz və reqolit qarışığı;
- 5.4 km-ə qədər - sıx, demək olar ki, qranitə bənzər strukturlar;
- 5.4-8 km dərinlikdə - kəsilmə dalğalarının sürətində kəskin azalma müşahidə olunur, bu da su ilə doymuş məsaməli süxurlara işarə edir.
Orada da maye suya dair izlər aşkar edilib ki, bu da planeti 1.6 km qalınlığında bir su təbəqəsi ilə örtməyə kifayət edir. Bu isə Marsın hidrosferasının düşündüyümüzdən daha aktiv və daha dərin ola biləcəyini göstərir. Yer kürəsində mikroblar yeraltı su anbarlarında 5 km dərinliyə qədər yaşayırlar. Əgər Marsda da oxşar şərait mövcuddursa, o zaman dərinlikdəki sular həyat üçün keçmişdə (və bəlkə də hələ də) əlverişli mühit yarada bilər. Xüsusilə nəzərə alsaq ki, bu sular buz təbəqələri ilə təcrid olunub və radiasiyadan qorunur. “Bu, əsl zaman kapsuludur - donmuş bir oazis ki, milyardlarla il ərzində həyat üçün mühit saxlamış ola bilər” - deyə tədqiqatın həmmüəllifi və geofizik Hrvoje Tkalcic bildirib. Alimlər 2 üsuldan istifadə ediblər: Deterministik inversiya (birbaşa ölçmələrdən modelin qurulması) və bayes analiz (ən yaxşı ssenarilərin statistik qiymətləndirilməsi).
Yüksək tezlikli siqnallardan (0.25 - 4 Hz) istifadə sayəsində məlumatların dəqiqliyi əhəmiyyətli dərəcədə artırılıb. Əsas müəllif Weijia Sun-un sözlərinə görə, bu, SD-dən 4K görüntü keyfiyyətinə keçidlə müqayisə edilə bilər. Bu üsullar Yer kürəsində neft axtarışı və hidrogeologiyada geniş şəkildə istifadə olunsa da, ilk dəfə başqa bir planetin daxili quruluşunun bu qədər dəqiqliklə öyrənilməsində tətbiq edilib. Güman olunur ki, təxminən 4 milyard il əvvəl, Mars hələ atmosferə və maye suya sahib olduğu Noax dövründə, çoxsaylı meteorit zərbələri qabıqda çatlar yaradıb. Su bu çatlar vasitəsilə dərinliyə sızaraq yüksək geotermal qradient sayəsində orada qorunub saxlanılıb. Planet soyuduqda isə səthdəki təbəqələr donub və su daşıyan qatlar təcrid edilib. Bu gün Marsın səthi buzla örtülmüş bir qapağa bənzəyir və onun altında bütöv bir səthaltı okeanın gizlənmiş olması ehtimal olunur.
Suya 5 km-dən daha böyük dərinlikdən çıxış əldə etmək son dərəcə çətin texniki tapşırıq olsa da, onun mövcudluğu belə gələcək missiyalar üçün böyük üstünlük sayılır. Su həm oksigen mənbəyi, həm hidrogen yanacağı, həm də həyatın təmin olunması vasitəsidir. Növbəti missiyalar - o cümlədən ExoMars və NASA-nın Mars Life Explorer proqramları - daha təkmil alətlərlə təchiz olunacaq: Daha həssas seysmometrlər, termal kameralar və qazma qurğuları. Bu cihazlar maye suyun bütün planet üzrə yayılıb-yayılmadığını, yoxsa yalnız InSight modulunun fəaliyyət göstərmiş olduğu Elysium Planitia bölgəsi ilə məhdudlaşıb-məhdudlaşmadığını yoxlamağa imkan verəcək. Əgər su daşıyan qatların bütün Marsda mövcud olduğu fərziyyəsi təsdiqlənsə, bu, planetin təkamülünün anlaşılmasında əsaslı dönüş nöqtəsi olacaq. Su həm Marsın keçmişinə, həm də gələcəkdə orada insan mövcudluğuna açar hesab olunur.


