
Günəş sistemində üçüncü ulduzlararası obyekt aşkar edilib

Astronomlar Günəş sisteminə kənardan gəlmiş ola biləcək bir obyekt aşkar ediblər və bu obyektin ulduzlararası obyekt ola biləcəyini düşünürlər. Hal-hazırda A11pl3Z adlandırılan bu obyekt, Günəş sistemində indiyədək müşahidə edilmiş üçüncü potensial ulduzlararası obyekt ola bilər. Sözügedən obyekt Təxminən 4 aydan sonra Günəşə ən yaxın nöqtəyə çatacaq və bundan sonra çox güman ki, kosmik qonşuluğumuzu həmişəlik tərk edəcək. Hazırda A11pl3Z obyektini dünyanın müxtəlif rəsədxanaları müşahidə edirlər. Obyekt hal-hazırda Yupiterin orbitinin içərisində yerləşir və oktyabr ayında Yerə nisbətən daha yaxın - Marsın orbitinin daxilində olacaq. Həmin vaxt alimlər obyektə teleskoplar vasitəsilə daha yaxından baxa biləcək və onun növünü müəyyənləşdirməyə çalışacaqlar.

Hazırda onun kometa, asteroid və ya başqa bir səma cismi olub-olmadığı dəqiq bilinmir. Yeganə məlum olan isə onun diametrinin 20 kilometrə qədər olmasıdır. A11pl3Z obyekti iyunun 25-dən 29-dək toplanmış məlumatlar əsasında aşkarlanıb. Bu məlumatlar ATLAS sistemi tərəfindən, Havay və Cənubi Afrikada yerləşən teleskoplar vasitəsilə göy üzünü izləməklə toplanmışdı. Artıq 1 iyul tarixində NASA və Beynəlxalq Astronomiya İttifaqı obyektin mövcudluğunu təsdiqlədi və bu günlərdə onlara Avropa Kosmik Agentliyi də qoşulub. Sürəti və trayektoriyasına əsasən görünür ki, A11pl3Z Günəşin qravitasiya təsir zonası xaricindən gəlib və Günəş sistemindən maneəsiz keçə biləcək qədər impuls gücünə malikdir. Onun sürəti təxminən saatda 245 000 kilometr olaraq qiymətləndirilir.
