
ABŞ-da maye kristalların özünəməxsus kvant analoqu yaradılıb
04.08.2025 / Maraqlı məlumatlar
Amerikalı fiziklər nadir torpaq metallar, titan və oksigen birləşmələri əsasında nanostrukturlu material hazırlayıblar. Bu materialın layları arasında bəzi davranış xüsusiyyətlərinə görə maye kristalları xatırladan ekzotik kvant maddə forması yaranır.
Bu barədə Ratgers Universitetinin mətbuat xidməti məlumat yayıb.
"Bu materialın iki komponenti olan və son illər tədqiqatlar zamanı yaxşı öyrənilmiş Veyl yarımmetalı artıq tanınır. Lakin bu iki maddə forması arasındakı sərhəddə baş verən qarşılıqlı təsirin təbiəti uzun müddət sirr olaraq qalırdı. Biz bu təsirləri öyrəndik və müəyyən etdik ki, güclü maqnit sahələrinin təsiri ilə bu sərhəddə əvvəllər məlum olmayan kvant topoloji maddə forması meydana çıxır", – deyə Ratgers Universitetinin elmi işçisi Vu Tszunçi bildirib.
Alimlərin yaratdığı "kvant maye kristalı", avropium və iridium oksidlərinin, eləcə də disprozium və titan oksidlərinin iki birləşmiş qatından ibarətdir. Bu materiallardan birincisi olan Veyl yarımmetalı zərrəciklərin “fırlanma oxu”ndan ciddi şəkildə asılı olduğu xüsusi bir maddədir. Disprozium və titan oksidi isə ekzotik materialdır. Bu maddənin maqnit quruluşu buz kristallarındakı su molekullarının düzülüşünü xatırladan xüsusi nizamlanmaya malikdir.
Vu Tszunçi və onun həmkarlarının müəyyən etdiyinə görə, bu iki ekzotik maddə formasının kombinasiyası bir sıra qeyri-adi xüsusiyyətlərə malikdir. Xüsusilə, bu strukturdakı elektrik müqaviməti cərəyanın hansı bucaq altında hərəkət etməsindən asılı olaraq dalğavari şəkildə dəyişir. Lakin çox güclü maqnit sahəsi tətbiq edildikdə, elektronların axın xarakteri kəskin şəkildə dəyişir və nəticədə onlar iki əks istiqamətdə hərəkət etməyə başlayırlar.
Bənzər hal maye kristallarda da müşahidə olunur. Məhz bu səbəbdən alimlər yaratdıqları materiala "kvant maye kristalı" adını veriblər.
Tədqiqatçılar qeyd edirlər ki, bu cür quruluşlardan müxtəlif kvant hesablama cihazlarında və digər texnologiyalarda elektrik axınını idarə etmək üçün istifadə etmək olar.


