
Google Play Store-a süni intellekt əsaslı yeni funksiyalar əlavə edilib
25.09.2025 / Maraqlı məlumatlar
Google-un yenilənmiş Play Store-u artıq daha fərdiləşdirilmiş və istifadəçi mərkəzli təcrübə təqdim edir. "TechCrunch"un məlumatına əsasən, yenilənmənin əsas məqsədi istifadəçilərin proqram ilə qarşılıqlı əlaqəsini artırmaqdır.
Yenilənmənin ən mühüm hissələrindən biri Google-un süni intellektinin (AI) inteqrasiyasıdır. Bələdçi Axtarış (Guided Search) funksiyası ilə siz artıq proqramın adını deyil, məqsədinizi və ya ideyanızı yaza bilərsiniz. Məsələn, "ev tapmaq" yazdığınız zaman real estate tətbiqləri təklif olunacaq.
Oyun sevənlər üçün isə xüsusi olaraq "Play Games Sidekick" adlı AI köməkçisi yaradılıb. Bu in-game overlay sayəsində oyunçular oyunu tərk etmədən Gemini Live vasitəsilə real vaxt rejimində kömək, məsləhət və ya ipucları ala bilərlər. Bu funksiya ilkin olaraq EA və Netmarble kimi şirkətlərin bəzi oyunlarında, o cümlədən Star Wars: Galaxy of Heroes və FC Mobile-da dəstəklənəcək.
Yenidən Dizayn Edilmiş Bölmələr
Play Store-un interfeysində də mühüm dəyişikliklər edilib:
Yeni Proqramlar Bölməsi (Apps tab): Bu hissə artıq mövsümi mövzulardan və ya istifadəçinin maraqlarına uyğun seçimlərdən ibarət olacaq. Məsələn, ABŞ-da WNBA ilə bağlı məzmun ön plana çıxarılacaq. Koreyalı istifadəçilər isə film, serial və digər qısa videoların birləşdiyi xüsusi bir bölmədən istifadə edə bilərlər.
Sizin üçün (You tab): Bu yeni mərkəzləşdirilmiş bölmə abunəliklərinizi, mükafatlarınızı, tövsiyələrinizi və digər yenilikləri bir yerdə toplayır. Həmçinin, bu bölmədə izlədiyiniz filmlər, oxuduğunuz kitablar və dinlədiyiniz podkastlar üzrə tövsiyələr də təqdim olunur. Oyunçular üçün isə onların statistikalarını və nailiyyətlərini əks etdirən profil yaradılır. Bu profillərə GenAI tərəfindən yaradılmış avatarlar əlavə etmək də mümkündür.
Yeni Oyunlar Bölməsi (Games tab): Oyunlar bölməsi daha da təkmilləşdirilərək nailiyyətləri, mükafatları və oyun icmalarını bir yerə cəmləşdirir. "Play Games Leagues" ilə dostlarınızla rəqabətə qoşulub mükafatlar qazana bilərsiniz. İlk liqa 10-23 oktyabr tarixlərində "Subway Surfers" oyunu üçün keçiriləcək.
Bundan əlavə, Google Windows kompüterləri üçün 200 mindən çox oyun təklif edən "Google Play Games on PC" xidmətinin beta mərhələsinin başa çatdığını və artıq tam istifadəyə verildiyini elan edib.


