
Saturnun peyki Enseladda bioloji həyata işarə edən üzvi birləşmələr aşkar edilib
02.10.2025 / Maraqlı məlumatlar
Avropa Kosmik Agentliyinin (ESA) Cassini adlı kosmik zondu Saturnun peyklərindən biri olan Enseladın okeanında mürəkkəb kimyanın mövcudluğunu təsdiqləyib. Kosmik zond bu Saturn peykinin yanından 30 noyabr 2010-cu ildə keçərək onun səthinin altından püskürən buz şırnaqlarını qeydə almışdı. Son tədqiqatda alimlər zondun məlumatlarını yenidən təhlil edərək, Enseladın səthi altındakı okeanın zəngin kimyəvi mühitini və orada bioloji həyatın başlanması üçün şəraitin yaranma ehtimalını daha inandırıcı şəkildə təsdiqləyiblər. Enselad buzlarında yerləşən çatlardan püskürən geyzerlərin su buzunda çoxlu sayda yeni üzvi molekulların, mineralların və oksigenin aşkar edilməsi elmi ictimaiyyət tərəfindən onun yeraltı okeanında mürəkkəb kimyəvi reaksiyaların getdiyinin aydın əlaməti kimi qiymətləndirilir. Bu reaksiyalardan bəziləri daha mürəkkəb və potensial olaraq bioloji əhəmiyyət kəsb edən molekulların yaranmasına gətirib çıxaran zəncirlərin bir hissəsi ola bilər.
Qeyd etmək vacibdir ki, ESA Enselada missiya göndərmək, səthinə eniş etmək və nümunələr toplamaq variantını nəzərdən keçirir. Yeni tədqiqat isə bu cür missiyanın lehinə güclü arqumentlər təqdim edir. Hələ 2005-ci ildə Cassini Enseladın buzlu səthinin altında gizli okeanın mövcud olduğuna dair ilk sübutları aşkar etmişdi. Peykin cənub qütbünə yaxın ərazilərdə yerləşən çatlardan kosmosa buz hissəcikləri atan su şırnaqları püskürürdü. Bu xırda buz parçalarının bəziləri qum dənəsindən də kiçik idi və peykin səthinə geri düşürdü, digərləri isə uzaqlaşıb Saturn ətrafında Enseladın orbitini təkrarlayan halqa əmələ gətirirdi. Cassini Saturnun E-halqasından keçərkən daim Enseladdan gələn nümunələri öyrənirdi. “Biz artıq bu buzlu qırıntılarda çoxlu üzvi molekullar, o cümlədən amin turşularının sələflərini aşkar etmişdik” - deyə tədqiqat müəllifləri izah edirlər.
Problem ondadır ki, halqadakı buz qırıntılarının yaşı yüzlərlə il ola bilər. Zaman keçdikcə onlar “havalanmaya” - yəni günəş küləyi hissəciklərinin bombardmanına və radiasiyanın təsirinə məruz qalaraq öz tərkibini xeyli dəyişmiş ola bilər. Enselad okeanında baş verənləri daha yaxşı anlamaq üçün alimlər çox yaxın zamanda püskürmüş təzə buz parçalarını tədqiq etməyə qərar verdilər. Elə 2008-ci ildə Cassini məhz belə buz tozunun içindən birbaşa keçdi. Yalnız bir neçə dəqiqə əvvəl püskürmüş təmiz buz qırıntıları zondun “Kosmik toz analizatoru” (CDA) alətinə təxminən saniyədə 18 km sürətlə düşdü. Bu, Cassini-nin indiyədək aşkar etdiyi ən təzə buz qırıntısı olmaqla yanaşı, həm də ən sürətlisi idi.


