
Uranın peyki Arielin səthaltı okeana sahib olduğu ehtimal olunur
02.10.2025 / Maraqlı məlumatlar
Yeni tədqiqat göstərir ki, Uranın ən böyük peyklərindən birinin səthinin altında maye sudan ibarət yeraltı okean gizlənir. Uran Günəşdən məsafəsinə görə 7-ci planetdir və onun ətrafında 29 peyk fırlanır. Lakin ehtimal olunur ki, onların sayı daha çoxdur, sadəcə hamısı hələ kəşf edilməyib. Uranın dördüncü ən böyük peyki Ariel adlanır. Bu, Yer kürəsindən təxminən 12 dəfə kiçik olan kürə formasında buzlu bir cisimdir. Yeni araşdırmaya görə, bu peykin buzla örtülü səthinin altında maye sudan ibarət yeraltı okean mövcuddur. Alimlərin fikrincə, onun dərinliyi keçmişdə 160 kilometrdən çox ola bilərdi. Müqayisə üçün qeyd edək ki, Sakit okeanın orta dərinliyi 4 kilometrdir. Ariel həm Uranın ölçüsünə görə dördüncü peykidir, həm də bu planetin ən parlaq peyki hesab olunur. Bu isə onun günəş işığını ən çox əks etdirmə qabiliyyətinə malik olduğunu göstərir.


