
Alimlər Günəşdə "yağışın" sirrini açdılar
03.10.2025 / Maraqlı məlumatlar
Günəşdə yağış yağır, lakin onun tərkibi sudan ibarət deyil, olduqca isti plazmadan ibarətdir. Alimlər nəhayət bunun səbəbini aşkar ediblər.
Oxu.Az-ın verdiyi məlumata görə, tədqiqat "Astrophysical Journal"da dərc edilib.
Qeyd olunur ki, Yer kürəsindəki yağışdan fərqli olaraq, Günəşdəki yağış ulduzumuzun tacında mövcuddur. Bu, Günəş atmosferinin ən yüksək və ən isti hissəsidir, burada temperatur bir milyon dərəcə Selsidən yüksəkdir. Tac yağışı tacın yuxarı hissələrində yarandıqdan sonra aşağı düşən daha soyuq və sıx plazma topalarından ibarətdir.
Uzun illər alimləri düşündürən sual bu plazma yağışının niyə bu qədər sürətlə yarandığı idi.
Yeni araşdırma göstərib ki, səbəb Günəş tacındakı kimyəvi elementlərin tərkibindəki dəyişikliklərdir. Məsələn, dəmirin miqdarı zamanla dəyişir və bu da koronal yağışın cəmi bir neçə dəqiqə ərzində formalaşmasına imkan yaradır.
Mütəxəssislər bildirirlər ki, bu kəşf təkcə Günəşdəki "yağışı" izah etmir, həm də ulduz atmosferində enerjinin necə hərəkət etdiyini yenidən dəyərləndirməyə imkan verir.
Alimlərin sözlərinə görə, araşdırma Günəş partlayışlarının modelləşdirilməsini yaxşılaşdıracaq və bu da kosmik havanın - Yerə təsir edən günəş fırtınalarının daha dəqiq proqnozlaşdırılmasına şərait yaradacaq.


