
“Elm” qəzetinin növbəti sayı çap olunub
03.10.2025 / Mühüm xəbərlər
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin oktyabr ayında ilk nömrəsi çapdan çıxıb.
Bu sayın ön səhifəsində “Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub” başlıqlı icmal təqdim edilib.
Bugünkü buraxılışın ilk səhifələrində “Vətən müharibəsində tarixi hünər: Zəfər diskursu”, “Dünəndən bu günə Birinci Türkoloji Qurultay: ümumtürk humanitar elmi fikrinin 100 ili və perspektivləri” mövzularında konfranslar və “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk Dünyasının Mədəni Kodları” mövzusunda beynəlxalq elmi simpoziuma dair yazılar geniş şəkildə işıqlandırılıb.
Bundan əlavə, AMEA Rəyasət Heyətinin növbəti iclası, XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA tərəfindən keçirilən “Akademiyada: biblioqrafik nəşrlər və seriyalı akademik tədqiqatlar” adlı tədbir, XX əsrin görkəmli musiqiçisi, ictimai xadimi Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan elmi sessiya və digər tədbirlər haqqında informasiyalar bu nömrədə yer alıb.
Qəzetin bu sayında, AMEA-nın Naxçıvan və Gəncə bölmələrində, eləcə də elmi müəssisələrdə həftə ərzində keçirilən müxtəlif tədbirlərlə bağlı xəbərlər, yeni nəşrlər və dahi Üzeyir Hacıbəylinin qəzet və jurnal səhifələrində ana dili və onun inkişaf etdirilməsi ilə bağlı fikirlərini əks etdirən məqalə təqdim edilib.
Qəzetin rus və ingilis dili bölmələrində Akademiyanın ötən həftə elmi-təşkilati fəliyyətinə dair informasiyalar və Rusiya Dövlət Geoloji-Kəşfiyyat Universitetinin kafedra müdiri professor Vaqif Kərimovla müsahibə dərc edilib.


