
Google-un reklam biznesinin məcburi ayrılması internetdəki reklam sahəsini çökdürə bilər
07.10.2025 / Maraqlı məlumatlar
ABŞ Ədliyyə Nazirliyinin müraciəti əsasında Google şirkətinin onlayn reklam bazarında rəqabəti bərpa etmək üçün AdX birjasını satmağa məcbur edilməsini tələb edən antiinhisar iddiası üzrə Virciniya ştatının Şərqi dairə federal məhkəməsində dinləmələr keçirilir. Bloomberg yazır ki, nazirliyin hesablamalarına görə, bu platforma bazarın təxminən 56%-nə nəzarət edir. Google son 1 həftə ərzində məhkəməni AdX birjasının satışının çox riskli, texnoloji baxımdan çətin və bazarı destabilizə edəcəyinə inandırmağa çalışıb. Məhkəmə prosesi əsasən Google-un nəzarətində olan onlayn reklam bazarının əsasını təşkil edən texnologiyalar sahəsində rəqabətin necə bərpa edilə biləcəyinə yönəlib. İşə baxılmasına, aprel ayında dairə məhkəməsinin hakimi Leonie Brinkema-nın Google-un iki bazarda - reklam birjaları və nəşriyyatçılar (veb saytlar) üçün nəzərdə tutulmuş reklam serveri texnologiyaları sahəsində - qanunsuz monopoliyaya sahib olduğuna qərar verməsindən sonra başlanılıb.
Əslində Google həm reklamverənlər üçün reklam alətləri, həm də nəşriyyatçılar üçün reklam satış vasitələri təqdim edir, eləcə də hər iki tərəfin əməliyyatlar apardığı ticarət birjasını idarə edir. Qanunsuz davranışı aradan qaldırmaq üçün ABŞ Ədliyyə Nazirliyi Google şirkətini AdX birjasını satmağa və reklam serverinin hansı reklamı göstərmək barədə qərar verən alqoritmlərini açıqlamağa məcbur etməyi təklif edib. Nazirlik bildirir ki, bu dəyişikliklər bazarda rəqabət problemini həll etməzsə, Google gələcəkdə öz reklam serverini də satmağa məcbur edilməlidir. Buna cavab olaraq, Google texnologiyasını məşhur alternativ olan Prebid platforması, həmçinin rəqib reklam serverləri ilə inteqrasiya etməyi təklif edib. Şirkət həmçinin məhkəmənin qanunsuz üstünlük hesab etdiyi First Look və Last Look kimi hərrac mexanizmlərindən imtina etməyə razılaşıb.


