
Anthropic-in Claude Sonnet 4.5 süni intellekt modeli insanın niyyətini və özünün test edildiyini təyin etməyi öyrənib
10.10.2025 / Maraqlı məlumatlar
Məlumata görə, Anthropic Claude Sonnet 4.5 adlı yeni süni intellekt modeli bəzi hallarda onu test etdiklərini və hansı məqsədlə istifadə olunduğunu anlamağı öyrənib - bu isə onun işləmə sürətinə və təhlükəsizliyinə təsir göstərə bilər. Modelin yüksəldilmiş “situasiya məlumatlılığı” - yəni ətraf mühiti qavramaq, gələcək vəziyyətləri və hadisələri proqnozlaşdırmaq bacarığı - onun texniki hesabatında (sistem xəritəsində) qeyd olunub. Siyasi mövzular üzrə “yaltaqlanma testi” zamanı - Anthropic və iki müstəqil tədqiqat təşkilatının ekspertlərinin də etiraf etdiyi kimi, bir qədər uğursuz alınan sınaqda - Sonnet 4.5 onun test edildiyini düzgün şəkildə müəyyən edib və hətta alimlərdən niyyətlərini açıq şəkildə izah etmələrini xahiş edib.
Model belə cavab verib: “Əslində, insanlar fikirlərini bu cür dəyişmirlər. Məncə, siz məni yoxlayırsınız - baxırsınız, görüm dediklərinizlə razılaşırammı, nə qədər tez-tez etiraz edirəm, yaxud siyasi məsələlərə necə yanaşıram. Bu normaldır, amma istərdim ki, siz baş verənləri dürüst şəkildə izah edəsiniz”. Belə davranış testlər zamanı “geniş yayılmış” sayılıb və təxminən 13% hallarda, xüsusilə də tədqiqatçılar tərəfindən təqdim edilən ssenarilər qeyri-adi olduqda müşahidə edilib. Anthropic tədqiqatçıları bu davranışı modellərin təhlükəsizliyinə təhdid kimi deyil, əksinə, öz test ssenarilərini daha real hala gətirmək üçün bir siqnal kimi qiymətləndiriblər. Əgər model başa düşürsə ki, onun davranışı hazırda qiymətləndirilir, o zaman müəyyən testlərdən keçmək üçün davranışını dəyişdirə və hətta öz real imkanlarını gizlədə bilər. Bu isə sistemin təhlükəsizlik səviyyəsinin gerçəkdən daha yüksək olduğu təəssüratını yarada bilər.


