
YouTube bloklanmış bəzi müəlliflərə geri qayıtmaq imkanı verib
13.10.2025 / Maraqlı məlumatlar
YouTube platforması dezinformasiya yaydıqları üçün silinmiş bəzi hesabların müəlliflərinə ikinci şans vermək qərarına gəlib. Bu o cümlədən COVID-19 və ABŞ seçkiləri ilə bağlı saxta məlumatlar yaydıqları üçün bloklanmış kanallara da aiddir. Bu barədə platformanın rəsmi bloqunda məlumat verilib. Siyasi təzyiqlər fonunda video platforma ötən ay bəyan edib ki, bir sıra müəlliflər və platforma siyasətləri ləğv edildiyi səbəbilə bloklanmış kanallar üçün pilot proqram başladacaq. Respublikaçı konqresmen Jim Jordan ilə yazışmada platforma bildirib ki, bu imkan COVID-19 və seçkilərin dürüstlüyü ilə bağlı dezinformasiya siyasətlərini dəfələrlə pozduqları üçün bloklanmış, lakin indi artıq qüvvədə olmayan qaydalar çərçivəsində qadağan edilmiş müəlliflərə şamil ediləcək. 2020-ci ildə video platforma elan etmişdi ki, COVID-19 vaksinləri barədə dezinformasiya yayan videoları siləcək, daha sonra isə bu siyasəti genişləndirərək ümumilikdə peyvəndlərlə bağlı saxta məlumatların yayılmasını qadağan etmişdi.
2021-ci il 6 yanvarda ABŞ Konqres Binasına hücumdan sonra platforma bəyan etdi ki, 2020-ci il seçkiləri barədə dezinformasiya yayan kanallara xəbərdarlıq (“strike”) ediləcək və prezident Donald Trump-ın yeni materiallar paylaşması qadağan olunacaq. Lakin 2023-cü ildə şirkət Trump-ın hesabındakı məhdudiyyətləri aradan qaldırdı və COVID-19 dezinformasiyası ilə mübarizəyə dair bəzi tədbirlərdən imtina etdi. Bu ilin iyun ayında video platforma daha geniş mənada kontent moderasiyası siyasətini yumşaltdı - məqsəd, platformada dərc edilmiş yeni müzakirə formalarını və məzmun növlərini əks etdirmək idi. “YouTube müxtəlif baxış bucaqlarının qorunmasını dəstəkləməyə davam edir və hesab edir ki, məzmun yaradıcıları platformada siyasi ideyaları açıq şəkildə müzakirə edə bilməlidirlər” - deyə şirkət bunu konqresmen Jim Jordan-a göndərdiyi məktubda bildirib.


