
NASA 50 il öncə gətirilmiş Ay torpaq nümunələrini incələyib
15.10.2025 / Maraqlı məlumatlar
NASA agentliyi artıq yarım əsrdən çoxdur ki, 1972-ci ildə “Apollo-17” missiyasının astronavtları tərəfindən Ay səthindən gətirilmiş torpaq nümunələrini qoruyur. Bu nümunələr hava keçirməyən konteynerlərdə saxlanılırdı və alimlərin onları hərtərəfli araşdırmaq üçün daha müasir alətlərə sahib olacağı gün gözlənilirdi. 5 onillikdən sonra NASA bu nümunələrdən birini alimlərə təhvil verib və tədqiqatın nəticələri gözlənilməz olub. Məlum olub ki, həmin nümunədəki kükürd izotoplarının tərkibi həm digər ay torpağı nümunələrindən, həm də Yer mənşəli süxurlardan əhəmiyyətli dərəcədə fərqlənir. Bu kəşfin, Ayın Teyya (Theia) adlı ehtimal olunan bir planetlə Yer arasındakı toqquşma nəticəsində formalaşdığı nəzəriyyəsini ya təsdiqləyəcəyi, ya da təkzib edərək peykimizin ən qədim tarixinin mərhələləri haqqında yeni məlumatlar verəcəyi gözlənilir.
James Dottin rəhbərliyindəki Braun Universitetinin alimləri ay torpağı nümunələrini öyrənmək üçün ikincidərəcəli ion kütlə-spektrometri adlı yüksək dəqiqlikli cihazdan istifadə ediblər. Onlara astronavtların 60 sm dərinliyə batırılmış xüsusi borular vasitəsilə topladıqları nümunələr təqdim olunub. Sadə dildə desək, alimlər Ay səthinin birbaşa alt qatından götürülmüş, metal silindrə yerləşdirilib Yerə gətirildiyi gündən bəri dəyişmədən saxlanılmış torpaq nümunələrini araşdırıblar. Dottin komandası qədim keçmişdə Ay mantiyasının bir hissəsi olmuş vulkanik süxur nümunələrini əldə etmək istəyirdi. Alimlər hesab edirlər ki, Teyya adlı və ölçülərinə görə Marsla müqayisə oluna bilən protoplanetin Yer ilə toqquşması nəticəsində Ay formalaşıb. Ayın mənşəyi barədə daha çox məlumatı onun mantiyasının kimyəvi tərkibi verə bilər.


