
OpenAI tərkibində süni intellektin istifadəçi psixologiyasına təsiri üzrə xüsusi şura yaradılıb
16.10.2025 / Maraqlı məlumatlar
Süni intellekt əsaslı çat-botların, o cümlədən ChatGPT-nin müəyyən hallarda psixoloji cəhətdən həssas istifadəçilərə mənəvi zərər vura bilməsi məlum olduqdan sonra, OpenAI öz xidmətlərinin təhlükəsizliyini artırmaq məsələsini ciddi şəkildə gündəmə gətirdi. Şirkət daxilində 8 ekspertin daxil olduğu “Rifah və İntellekt üzrə Şura (Council on Wellbeing and AI)” fəaliyyətə başlayıb. Onlardan biri - David Bickham, Boston Uşaq Xəstəxanasında tədqiqatlar direktoru və sosial şəbəkələrin insanların psixi sağlamlığına təsiri üzrə mütəxəssisdir. O, araşdırmalarında qeyd edir ki, müasir uşaqlar artıq virtual personajlardan öyrənir və onlarla “parasosial münasibətlər” - yəni birtərəfli əlaqələr qururlar. Əgər müasir süni intellekt müəyyən mənada müəllimləri əvəz edəcəksə, bu halda uşaqların çat-botlarla necə ünsiyyət qurduqları sualı ortaya çıxır.
Yeni strukturun tərkibinə həmçinin Mathilde Cerioli - qeyri-kommersiya təşkilatı Everyone.AI-ın baş elmi əməkdaşı daxil olub. Onun elmi fəaliyyətinin əsas istiqaməti süni intellektin uşaqların zehni və emosional inkişafına təsiridir. Cerioli vurğulayır ki, uşaqları “kiçik yetkinlər” kimi qəbul etmək səhvdir - onların beyni və süni intellektdən aldıqları təsir tam fərqlidir. O, son tədqiqatlarından birində yazır ki, süni intellektlə böyüyən uşaqlar ziddiyyətli vəziyyətlərlə mübarizə aparmaqda çətinlik çəkə bilərlər. Bunun səbəbi odur ki, inkişafın erkən mərhələsində, beyin sinapsları çox çevik olduqları dövrdə, onlar daim istifadəçiyə və xarici amillərə uyğunlaşan varlıqlarla sosial ünsiyyət qururlar. Şuranın digər üzvlərindən biri - Corciya Texnologiya İnstitutunun professoru Munmun De Choudhury-dur. Onun ixtisas sahəsi “onlayn texnologiyaların psixi sağlamlığın formalaşmasında və yaxşılaşdırılmasında rolunun genişləndirilməsinə yönəlmiş riyazi alqoritmlərin hazırlanması və tədqiqi”dir.
2023-cü ildə o, böyük dil modellərinin insanın psixi sağlamlığına təsiri baxımından fayda və zərər balansını müəyyənləşdirməyə çalışan bir araşdırma aparıb. Professor Choudhury qeyd edib ki, tibbi xidmətlər göstərən çat-botlar insanların özlərinə zərər meyillərini yalnız halların yarısında müəyyən edə biliblər və bu proses “proqnozlaşdırıla bilməyən” və “parçalı şəkildə” baş verib. Bununla belə, o, vəziyyəti dramatikləşdirməməyə çağırır və vurğulayır ki, bəzi insanlar üçün bu cür sistemlərlə birtərəfli, parasosial əlaqəyə sahib olmaq tamamilə əlaqəsiz qalmaqdan daha yaxşıdır. Psixologiya professoru və Arcade Therapeutics şirkətinin həmtəsisçisi Tracy Dennis-Tiwary, şuranın digər üzvü, daha əvvəl bildirib ki, kliniki hallara aid olmayan əksər vəziyyətlərdə süni intellektlə uzunmüddətli dialoqların təhlükəsini təsvir edən “AI-psixoz” terminini faydasız hesab edir.


