
Professor Ramin Rzayev ümumrespublika elmi seminarında çıxış edib
17.10.2025 / Mühüm xəbərlər
AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Qərarların qəbul edilməsini dəstəkləyən informasiya sistemləri laboratoriyasının müdiri, professor Ramin Rzayev ETN Geologiya və Geofizika İnstitutunda Yer elmləri sahəsində Ümumrespublika elmi seminarında “Seysmoloji trasların təhlilində qeyri-səlis məntiq üsullarının tətbiqi: qanunauyğunluqların aşkarlanması və trendlərin proqnozlaşdırılması” mövzusunda çıxış edib.
Qeyd edib ki, müasir seysmoloji məlumatların təhlili yüksək dərəcədə qeyri-müəyyənlik və qeyri-xəttiliklə müşayiət olunur ki, bu da gizli qanunauyğunluqların aşkarlanmasını və gələcək dəyişikliklərin proqnozlaşdırılmasını çətinləşdirir. Belə şəraitdə qeyri-səlis məntiq yanaşmalarından istifadə xüsusi əhəmiyyət kəsb edir, çünki onlar məlumatların natamamlığını və ziddiyyətliliyini nəzərə almağa imkan verir.
Məruzədə qeyri-səlis məntiqin əsasları və onun seysmoloji trasların intellektual təhlilində rolu araşdırılır. Xüsusi diqqət qeyri-müəyyənliyin formallaşdırılması üsullarına, qeyri-səlis qaydaların və modellərin qurulmasına, habelə bu alətlərin seysmik siqnallarda trendlərin və qanunauyğunluqların müəyyənləşdirilməsində tətbiqinə yönəldilir. Həqiqi seysmoloji məlumatların emalı və interpretasiyasında qeyri-səlis modellərin istifadəsinə nümunələr təqdim olunur. Bu yanaşmanın inkişaf perspektivləri və seysmik aktivliyin proqnozlarının etibarlılığının artırılmasında əhəmiyyəti müzakirə edilir.


