
NVIDIA CEO-su Jensen Huang: "Real və "rəqəmsal" insanlar bir yerdə çalışacaqlar"
24.10.2025 / Maraqlı məlumatlar
Süni intellekt boom-unun mərkəzində yerləşən şirkətlərdən birinin qurucusu kimi, NVIDIA şirkətinin rəhbəri Jensen Huang bu sahənin gələcəyi ilə bağlı fikirlərini tez-tez bölüşür. O, bildirib ki, insanlar süni intellektlə qarşılıqlı əlaqədən cavabdeh olan agentləri “rəqəmsal insanlar” adlandıraraq, gələcəkdə onlarla yanaşı işləyə biləcəklər. NVIDIA-nın baş direktoru Jensen Huang bu fikirləri Citadel Securities-in təşəbbüsü ilə keçirilmiş Future of Global Markets konfransında səsləndirib. NVIDIA-nın qurucusunun sözlərinə görə, gələcəkdə əmək bazarı ciddi şəkildə dəyişəcək və agent tipli süni intellektin yaradılmasındakı son nailiyyətlər də bunu göstərir. Onun fikrincə, şirkətlər konkret tapşırıqların həlli üçün bir növ virtual mütəxəssislər heyəti formalaşdıra biləcəklər. Bu mütəxəssislər süni intellekt sistemlərinin resurslarından istifadə edərək gündəlik və rutin işləri yerinə yetirəcəklər. Eyni zamanda, real insanlar nə itəcək, nə də arxa plana keçəcək.
“Əgər siz gələcəkdə süni intellekt agentlərini onların keyfiyyətinə və ixtisas səviyyəsinə görə lisenziyalaşdırıb işə götürsəniz, buna təəccüblənmərəm. Beləliklə, gələcəkdə şirkətlərin işçi qüvvəsi insanlardan və rəqəmsal insanlardan ibarət bir kombinasiyaya çevriləcək” - deyə Jensen Huang bildirib. Bu süni intellekt agentləri aparıcı süni intellekt sistemlərinin tərtibatçıları tərəfindən təqdim ediləcək. Şirkət rəhbəri bu cür “virtual işçi qüvvəsi” təminatçılarını da sadalayıb: Replit, Cursor və Lovable artıq proqram təminatı hazırlanması üçün süni intellekt agenti xidmətləri təklif edirlər. Sahə üzrə digər şirkət rəhbərləri də insanların əmək bazarında süni intellektlə birgə mövcud olmalı olacağı fikrinə üstünlük verirlər və əksər peşələrdə insanın tam əvəzlənməsinin baş verməyəcəyini düşünürlər.


