
İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
29.10.2025 / Xəbərlər
29 oktyabr 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının növbəti iclası keçirilib. İclasda Elmi şura üzvləri, şöbə və laboratoriya müdirləri iştirak ediblər.
İclası İSİ-nin baş direktoru, Elmi şuranın sədri, akademik Əli Abbasov açaraq, gündəlikdə yer alan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Gündəlikdən irəli gələn ilk məsələ ilə bağlı çıxış edən Ə.Abbasov İnstitutun laboratoriya müdiri, t.e.d Quluyev Qəmbər Ağaverdi oğlunu 75 illik yubileyi münasibətilə institutun kollektivi adından təbrik edib. Akademik uzun illər İSİ-də çalışan Qəmbər Quluyevin çoxşaxəli elmi fəaliyyəti və yüksək insani keyfiyyətlərindən söz açaraq yubilyara institutun Fəxri Fərmanını təqdim edib və müvəffəqiyyətlər arzulayıb.
Sonra İSİ-nin Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva 2025-ci ildə İnstitutun qiyabi doktoranturasına qəbul edilmiş doktorantların əyani doktoranturaya keçirilməsi, elmi rəhbərlərin və dissertasiya mövzularının təsdiq edilməsi haqqında məruzə edib. Şura üzvləri tərəfindən müzakirələr aparılıb, səsvermə yolu ilə müvafiq qərarlar qəbul edilib.
Daha sonra institutun laboratoriya müdiri, dosent Gülçin Abdullayeva və t.ü.f.d. Ülkər Əlizadənin “Müstəvidə təsvirlərin tanınması’’ monoqrafiyasının çapa buraxılması məsələsi müzakirə olunub və müsbət qərar qəbul edilib.
Gündəlikdən irəli gələn növbəti məsələ t.ü.f.d, dosent Rəna Əsədovanın dissertasiya işinin mövzusunun dəqiqləşdirilməsi olmuşdur. Məsələ ətrafında şura üzvləri tərəfindən müzakirələr aparılıb və açıq səsvermə yolu ilə müvafiq qərarlar qəbul edilib.
Sonra gündəlikdən irəli gələn bir sıra cari məsələlərə baxılıb.
Sonda institutun baş direktoru, akademik Əli Abbasov iclasa yekun vuraraq qarşıda duran əsas vəzifələrin yerinə yetirilməsi üçün müəyyən tapşırıq və tövsiyələrini səsləndirib.


