
Süni intellekt əsaslı axtarış sistemləri məşhur olmayan mənbələrə daha çox üstünlük verirlər
31.10.2025 / Maraqlı məlumatlar
Ötən il Google axtarış sistemində süni intellekt tərəfindən yaradılan icmal funksiyasını istifadəyə verdi - ilk mərhələdə o qədər də uğurlu olmayan bu təcrübə göstərdi ki, bu xidmətin nəticələri onilliklərdir istifadəçilərə təqdim edilən ənənəvi keçidli axtarış nəticələrindən xeyli fərqlənir. Alimlərin müəyyən etdiklərinə görə, süni intellekt əsaslı axtarış sistemləri ümumiyyətlə daha az məşhur saytlara və mənbələrə istinad etməyə meyllidirlər - yəni elə saytlara ki, onlar Google-un orqanik axtarış nəticələrinin ilk yüzlüyünə belə düşməzdi. Almaniyalı tədqiqatçılar ənənəvi Google axtarışının nəticələrini onun AI Overview funksiyası və Gemini-2.5-Flash çat-botunun cavabları ilə müqayisə ediblər. Əlavə mənbə kimi onlar OpenAI GPT-4o axtarış xidmətini və həmin modelin xüsusi rejimini də istifadə ediblər - bu rejimdə veb-axtarış yalnız model öz məlumat bazasında cavab tapmadıqda aktivləşir. Tədqiqatçılar test sorğularının bazasını 3 mənbədən toplayıblar:
- WildChat - istifadəçilərin ChatGPT-yə göndərdikləri sorğular
- AllSides - siyasi mövzularla bağlı sorğular
- Amazon-da ən məşhur 100 məhsulla əlaqəli sorğular.
Ümumilikdə, generativ süni intellekt əsaslı axtarış sistemləri ənənəvi axtarış nəticələrinin ilk onluğunda görünməyən resurslara daha çox istinad edirlər - bunu Tranco reytinqinin statistikası göstərib. Süni intellekt tərəfindən sitat gətirilən mənbələr Google-un ənənəvi axtarış nəticələrində çıxan saytlara nisbətən Tranco reytinqinin ilk minliyinə, hətta bəzən ilk milyonluğuna düşmə ehtimalı daha azdır. Gemini-nin öz seçimləri arasında da çoxlu sayda az tanınan saytlar var: bütün nəticələr üzrə çat-botun istinad etdiyi median mənbə Tranco-nun ilk minliyinə daxil olmur. Ümumiyyətlə, süni intellekt əsaslı axtarış sistemlərinin istinad etdikləri mənbələr Google-un axtarış nəticələrinin üst səviyyəsində demək olar ki, yer almır.
Google AI Overview nəticələrindəki mənbələrin 53%-i ənənəvi axtarışın ilk onluğuna, 40%-i isə ilk yüzlüyünə belə daxil olmayıb. Mənbələrin keyfiyyəti arasında da nəzərəçarpacaq fərq müşahidə olunub: süni intellekt sistemləri daha çox korporativ resurslara və ensiklopediyalara istinad edir, lakin demək olar ki, heç vaxt sosial şəbəkələrə müraciət etmirlər. Böyük dil modeli tərəfindən aparılan cavab analizinə əsasən, süni intellekt ənənəvi axtarışın ilk 10 nəticəsindəki qədər müəyyənləşdirilən anlayışları əhatə edib - nəticələr eyni dərəcədə ətraflı, müxtəlif və aktual olub. Digər tərəfdən, süni intellekt məlumatı sıxlaşdırmağa meyllidir, yəni ənənəvi axtarışda saxlanılan ikincidərəcəli və ya mübahisəli aspektləri qeyd etmir.
Süni intellekt əsaslı axtarış sistemlərinin mühüm üstünlüklərindən biri təlim zamanı formalaşmış daxili bilik bazasındakı məlumatı istinad edilən saytlardan gələn məlumatlarla birləşdirmək qabiliyyətidir. Məsələn, GPT-4o modeli çox vaxt ümumiyyətlə xarici mənbələrə müraciət etmir, yalnız öz daxili bilikləri ilə kifayətlənir - bu isə onun zəif nöqtələrindən biridir: bəzən model veb-axtarışdan istifadə etmək əvəzinə, detalları birbaşa istifadəçidən soruşur. Alimlər süni intellekt əsaslı axtarış sistemlərinin keyfiyyəti barədə yekun nəticə çıxarmasalar da, onların fəaliyyətini qiymətləndirmək üçün yeni metodların hazırlanmasının vacibliyini vurğulayıblar - bu zaman nəticələrin müxtəlifliyi, anlayışların əhatə dairəsi və modellərin öz biliklərini xarici mənbələrlə birləşdirmə qabiliyyəti nəzərə alınmalıdır.


