
Akademik Əli Abbasov beynəlxalq seminarda iştirak edib
16.11.2025 / Mühüm xəbərlər
AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov 15 noyabr 2025-ci il tarixində Yaponiya Daxili İşlər və Kommunikasiya Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilən Mərkəzi Asiya və Qafqaz üçün Rəqəmsal Bağlantı - Regional Əməkdaşlıq Vasitəsilə Rəqəmsal Fərqin Aradan Qaldırılması və İnklüzivliyin Təşviqi mövzusunda beynəlxalq seminarda iştirak edib.
Seminarın “Orta Asiya və Qafqaz” mövzulu hökumət panelində çıxış edən Ə.Abbasov Mərkəzi Asiya və Qafqaz hökumətlərinin sərhədlərarası rəqəmsal bağlantının genişləndirilməsində üzləşdiyi əsas çətinliklərdən, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri tərəfindən bu çətinliklərin aradan qaldırılması və regional rəqəmsal əməkdaşlığın inkişaf etdirilməsində göstərilən dəstəkdən söz açıb. Qeyd edib ki, Asiya və Avropa arasında dayanıqlı əlaqənin təmin edilməsində Azərbaycan əsas qovşaq olaraq Orta Dəhlizin Rəqəmsal Qapısı (TITR) kimi çıxış edir.
Rəqəmsal İpək Yolu və Yaşıl Enerji Dəhlizindən danışan akademik Qazaxıstanla birgə həyata keçirilən Transxəzər Fiber Optik Kabel (TCFOC) layihəsi barədə məlumat verib. Qeyd edib ki, Xəzər dənizinin dibi boyunca uzanan 380 km-lik kabel saniyədə 400 terabitə (Tbps) qədər ötürmə qabiliyyəti təmin edərək Avropa ilə Asiya arasında ən qısa və optimal sürətli, aşağı gecikməli məlumat ötürmə marşrutunu yaradacaq. Azərbaycanın, həmçinin Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizində mühüm tərəfdaş olduğunu vurğulayan Ə.Abbasov ikili dəhliz yanaşmasının rəqəmsal və enerji infrastrukturunun birgə yerləşdirilməsi, investisiya səmərəliliyinin maksimum dərəcədə artırılması və coğrafi risklərin azaldılması üçün unikal fürsət olduğunu bildirib.
Azərbaycan mütəxəssisləri tərəfindən təhlükəsiz məlumat axını və real vaxt rejimində qərar qəbuletməni təmin etmək üçün "Ağıllı İnfrastruktur" qurulduğunu qeyd edən akademik milli süni intellekt strategiyasını fəal şəkildə inkişaf etdirməklə ölkəmizin regional idarəetmə və süni intellekt standartlarının müəyyən edilməsində aparıcı rol oynaya biləcəyini vurğulayıb.
Ə.Abbasov, həmçinin regional rəqəmsal inkişafa əsas çətinliklər, tənzimləyici parçalanma və iqtisadi maneələr, Asiya tərəfdaşlarının rolu və Süni İntellektin (Sİ) baş verən proseslərə təsirindən söz açıb. Yüksək sürətli bağlantının Sİ-nin inkişafı üçün vacib təməl olduğunu bildirən akademik zəif bağlantı keyfiyyəti və sərhədlərarası bulud qəbuluna qarşı tənzimləyici müqavimətin isə bölgənin Sİ hazırlığında əhəmiyyətli boşluq yarada biləcəyini vurğulayıb, problemin həlli üzrə regional əməkdaşlıq prioritetlərindən söz açıb.
Seminarda, həmçinin İSİ-nin böyük elmi işçisi, t.ü.f.d. İlahə Rzayeva iştirak edib.
Qeyd edək ki, Yaponiya Daxili İşlər və Kommunikasiya Nazirliyinin hər bir ölkədə rəqəmsallaşmanın təşviqi və regional rəqəmsal bağlantının gücləndirilməsi məqsədilə təşkil etdiyi seminar Mərkəzi Asiya və Qafqaz ölkələri arasında əməkdaşlıq üçün platforma rolunu oynayır.


