1765360606.jpg)
Avropa Komissiyası “Google”un süni intellekt sahəsində rəqabət qaydalarını pozub-pozmadığını araşdıracaq
10.12.2025 / Maraqlı məlumatlar
Avropa Komissiyası “Google”un veb-nəşriyyatlardan və “YouTube” platformasında yerləşdirilmiş məzmundan süni intellekt məqsədilə istifadə etməklə Avropa İttifaqının rəqabət qaydalarını pozub-pozmadığını yoxlamaq məqsədilə rəsmi antiinhisar araşdırması başlatdığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, araşdırma “Google”un nəşriyyatlara ədalətsiz şərtlər tətbiq edib-etmədiyini və ya özünə üstünlük verilmiş məzmun əldə etməklə süni intellekt modelləri inkişaf etdirən rəqib şirkətləri əlverişsiz vəziyyətə salıb-salmadığını müəyyənləşdirəcək. Xüsusilə “AI Overviews” və “AI Mode” xidmətləri üçün veb-məzmundan istifadə və “YouTube” məzmununun generativ süni intellekt modellərinin təlimində istifadəsi diqqət mərkəzində olacaq.
Komissiya yaradıcıların müvafiq kompensasiya alıb-almamasını və məzmun istifadə hüququnu rədd etmək imkanlarının təmin olunub-olunmadığını da araşdıracaq. Eyni zamanda, süni intellekt üzrə rəqib şirkətlərin “YouTube” məzmunundan istifadə imkanlarının məhdudlaşdırılması ehtimalı da qiymətləndiriləcək.
Avropa Komissiyası araşdırma barədə “Google” şirkətini və üzv dövlətlərin rəqabət orqanlarını məlumatlandırıb.


