
2025-ci ilin Milli İnternet Mükafatının qalibləri açıqlanıb
18.12.2025 / Mühüm xəbərlər
15 dekabr tarixdə Park İnn Hotelində Milli İnternet Mükafatı - MilliNet 2025 müsabiqəsinin yekun təqdimat mərasimi keçirilib.
Tədbirdə MilliNet Təşkilat Komitəsinin rəhbəri, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək MilliNet-in keçdiyi yol haqqında, cari ildə keçirilən müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib.
O, MilliNet 2025-də 13 Nominasiya üzrə 179 rəqəmsal resursun müsabiqəyə təqdim olunduğunu bildirib. Peşəkarlardan ibarət olmaqla formalaşdırılan 15 nəfərlik Münsiflər Heyətindən 13-nün yekun səsvermədə iştirak etdiyini bildirib. Münsiflər Heyətinin 2-ci səsvermə prosesində 63 nominant arasından ən yaxşılarını seçdiyini bildirib.
Osman Gündüz müsabiqəyə rəsmi dəstək verən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN), sponsorlara və tərəfdaşalara, MilliNet münsiflərinə minnətdarlığını bildirib.
O, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini diqqətə çatdırıb.
Təqdimat mərasiminin açılışında RİNN tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri Nail Mərdanov çıxış edərək son zamanlar ölkədə rəqəmsal transformasiya və internetin inkişafı istiqamətində atılan addımlara diqqət yönəldib. O, internetin inkişafı ilə bağlı atılan addımların RİNN tərəfindən hər zaman dəstəkləndiyini diqqətə çatdırıb.
Təqdimat mərasimində sponsorlar adından çıxış edən Lenovo Azərbaycan şirkətinin Baş direktoru Rasim Bəxşi MilliNet müsabiqəsinin ölkədə İnternetin, bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. O, təmsil etdiyi şirkətin ölkədə İKT və internetin inkişafında maraqlı olduğunu diqqətə çatdırararaq Lenovo şirkətinin gələcəkdə də texnologiyaların və internetin inkişafı istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib.
Sonra qaliblərə, 2-ci və 3-cü yer tutanlara Milli İnternet Mükafatları, diplomların və hədiyyələrin təqdim edilməsinə start verilib.
MilliNet 2025 qalibləri, 2-ci və 3-cü yerləri tutanlarla burada tanış ola bilərsiniz.
Bu il ilk dəfə olaraq MilliNet-in xüsusi nominasiyası, “İlin Rəqəmsal Siması” nominasiyası üzrə də mükafatlar təqdim edilib. Bu Nominasiyaya 7 iddiaçı qatılıb.
Nominasiyanın qalibi ölkədə rəqəmsal transformasiya sahəsində verdiyi töhfələr nəzərə alınmaqla MilliNet Təşkliat Komitəsi tərəfindən müəyyən olunub.
Ölkədə rəqəmsal transformasiyaya, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və digər dövlət sistemlərinə inteqrasiyası istiqamətində verdiyi xüsusi töhfəyə görə Ədliyyə Nazirliyinin Rəqəmsallaşma və innovasiyalar idarəsinin rəis müavini Qismət Qurbanov “İlin Rəqəmsal Siması” seçilərək Milli İnternet Mükafatını qazanıb.
Mükafatların təqdim edilməsində İKT Agentliyin rəhbəri Nail Mərdanov, İRİA-nın İdarə heyətinin sədr müavini Rəşad Xalıqov, AzTU-nun rektoru Vilayət Vəliyev, ETN İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, BMU-nun rektoru Yaqub Piriyev, CityNet şirkətinin rəsmisi Səttar Əliyev, MilliNet münsifi və BDU-nun müəllimi Anzulə Pərvizqızı, DTX-nın Milli Kibertəhlükəsizlik Mərkəzinin rəhbəri Davud Rüstəmov, Mətbuat Şurasının sədri Rəşad Məcid, AzİnTelecom şirkətinin department rəhbəri Fərrux Fərəcullayev, CASPEL şirkətinin direktoru Ceyhun Quliyev, ETN İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Xüsusi Rabitə və İnfromasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov və internet ictimaiyyətinin, texnologiyalar sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun digər nümayəndələri iştirak edib.
Onlar çıxış edərək MilliNet-in Azərbaycan internetinin inkişafında ciddi rol oynadığını və müsabiqənin davamlı olmasını arzuladıqlarını bildiriblər.
Təqdimat mərasimində dövlət və özəl sektorun, ictimai təşkilatların və media qurumlarının nümayəndələri, internet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib. Qaliblərə və fərqlənənlərə Lenovo və CityNet şirkətlərinin hədiyyələri təqdim olunub.
“İlin süni intellekt həlli” nominasiyası üzrə mükafatı qalibə ETN İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov təqdim edib. Qeyd edək ki, sözügedən mükafata AİNİSA (ainisa.com) süni intellekt həllinin rəhbəri Cavid Kərimov layiq görülüb.
Sonra çıxış edən akademik Əli Abbasov müasir dövrdə süni intellekt (Sİ) texnologiyalarının sürətli inkişafı nəticəsində insan həyatının müxtəlif sahələrində meydana gələn əhəmiyyətli dəyişikliklərdən söz açıb. Bildirib ki, əvvəllər yalnız texnoloji tərəqqinin bir sahəsi kimi qəbul edilən süni intellekt artıq qərarvermə proseslərinə təsir edən, ictimai münasibətləri formalaşdıran və hüquqi müstəvidə ciddi suallar doğuran amilə çevrilib. Avtonom süni intellekt sistemlərindən söz açan akademik müasir dövrün əsas çağırışlarından olan süni intellektin inkişafının bəşəriyyətin gələcəyinə təsiri probleminə də toxunub. Yaxın onillikdə gözlənilən süni intellektin insanlar üzərindəki üstünlüyündən bəhs edən akademik bu istiqamətdə Azərbaycan elmi ictimaiyyətinin qarşısında duran vəzifələri nəzərə çatdırıb.
Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.
Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.
MilliNet-in Baş sponsoru CityNet şirkətidir.
Gold sponsorlar AzİnTelecom, Lenovo və Caspel şirkətləridir.
Sponsorlar B&B SECURITY, KATV1, Alas Academy, ULTRA Technologies və Azərbaycan Texniki Universitetidir.
YODA, Mediatrends, NUKHALI və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.
MilliNet-in media tərəfdaşları Technote Media, Xəbərlər.az və Techzone media resurslarıdır.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən MilliNet müsabiqəsinin keçirilməsində məqsəd ən yaxşı rəqəmsal resurslarımızı üzə çıxartmaq və tanıtmaq, rəqəmsal sektorda rəqabətli mühit formalaşdırmaq, Azərbaycanda internetin, informasiya texnologiyalarının və innovasiyaların, bütövlükdə rəqəmsal sektorun inkişafına kömək etmək, rəqəmsal transformasiyanın daha da sürətlənməsinə dəstək verməkdən ibarətdir.


