
OpenAI sağlamlığın izlənməsi üçün ChatGPT Health bölməsini təqdim edib
08.01.2026 / Maraqlı məlumatlar
OpenAI ChatGPT daxilində Health adlı yeni bölməni işə salıb. Bu bölmə istifadəçilərə elektron tibbi kartları, eləcə də Apple Health, Function, MyFitnessPal, Weight Watchers və Peloton kimi fitnes və sağlamlıq tətbiqlərini çata qoşmağa imkan verir.
Bu məlumatlara əsaslanaraq ChatGPT qidalanma və məşqlərlə bağlı tövsiyələr verə, analiz nəticələrini anlamağa kömək edə, həkim qəbuluna hazırlaşmaqda və istifadəçi vərdişlərinə uyğun sığorta seçməkdə dəstək göstərə bilər. Şirkət vurğulayır ki, bot peşəkar tibbi mütəxəssisi əvəz etmir.
Health bölməsindəki çatlar və qoşulan tətbiqlərdən alınan məlumatlar digər dialoqlardan tam ayrı saxlanılır və şifrələnmiş xüsusi “yaddaş” mexanizmi ilə qorunur.
OpenAI-nin daxili araşdırmasına görə, hər həftə 230 milyondan çox insan ChatGPT-yə sağlamlıqla bağlı suallar verir ki, bu da platformada ən populyar istifadə ssenarilərindən biridir.
Yeni bölmə əvvəlcə beta rejimində sınaqdan keçiriləcək və istək siyahısına yazılmaq mümkündür. Yaxın həftələrdə ChatGPT Health-in bütün istifadəçilər üçün, o cümlədən abunəsiz versiyada da əlçatan olacağı gözlənilir. Elektron tibbi kartlarla inteqrasiya isə yalnız ABŞ üçün nəzərdə tutulub.


