
20 Yanvar – Ümumxalq Hüzn Gününün 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
20.01.2026 / Mühüm xəbərlər
AR Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunda 20 Yanvar – Ümumxalq Hüzn Gününün 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Öncə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Riyaziyyat İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən, t.e.d. Elxan Səbziyev açaraq bəşəriyyətə qarşı törədilmiş ən amansız cinayətlərdən biri olan 20 Yanvar hadisələrinin tarixi kökləri və səbəbləri haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan xalqının əzmini, azadlıq istəyini boğmağa, birliyini sarsıtmağa çalışan sovet rejimi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə və digər ətraf rayonlara ordu yeridərək dinc əhaliyə divan tutdu, həmyerlilərimiz amansızcasına qətlə yetirildi.
Qanlı yanvar hadisəsinin nəticələrindən bəhs edən E.Səbziyev vurğulayıb ki, xalqımıza qarşı törədilmiş faciə barəsində ilk kəskin bəyanatı məhz Ümummilli Lider Heydər Əliyev vermişdir. Ulu Öndər sovet rejimi tərəfindən göstərilən təzyiqlərə baxmayaraq xalqın azadlıq istəyinin, haqq səsinin dünyaya çatdırılması istiqamətində addımlar atdı. O, faciə törədildikdən bir gün sonra, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi və beləliklə, faciəyə ilk siyasi qiymət verildi.
E.Səbziyev bu gün Ümummilli Liderin siyasi kursunun ölkə başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etməsi son illərin ən mühüm qələbəsi kimi dünya tarixinə qızıl hərflərlə yazıldı. Bildirib ki, suverenliyimizin tam bərpası ilə nəticələnən İkinci Qarabağ müharibəsində əldə olunan tarixi zəfər Vətən uğrunda canlarından keçən bütün şəhidlərin, o cümlədən 20 Yanvar faciəsi qurbanlarının qanının yerdə qalmadığının sübutu olaraq qiymətləndirilir.
Çıxışının sonunda 20 Yanvar tarixinin sadəcə acı və ağrı ilə deyil, həm də şərəf günü kimi xatırlandığını vurğulayan E.Səbziyev faciə qurbanlarını ehtiramla yad edərək onların əziz xatirəsinin daim qəlblərdə yaşayacağına əminliyini ifadə edib.
Sonra institut əməkdaşları tərəfindən hazırlanan 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub.
Daha sonra professor Knyaz Məmmədov çıxış edərək 20 Yanvar faciəsinin tarixi, siyasi səbəbləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, öz xatirələrini bölüşüb. Bildirib ki, hələ ötən əsrin 80-ci illərində Dağlıq Qarabağa müstəqillik verilməsi istiqamətində addımlar atılmış, Qarabağ və İrəvan ərazisindən azərbaycanlılar deportasiya edilmiş, Sumqayıt hadisələri törədilmişdir.
Qeyd edib ki, 1990-cı il yanvarın 19-da SSRİ Konstitusiyasının 71-ci maddəsi kobud şəkildə pozularaq Bakıda fövqəladə vəziyyət elan olunması haqqında Fərman imzalandı. Lakin Bakıda dinc əhaliyə divan tutulması üçün hazırlanmış plan məxfi şəkildə həyata keçirildi. Fövqəladə vəziyyətin elan olunmasından xəbərsiz olan əhaliyə amansız şəkildə divan tutuldu, bəşər tarixində görünməyən vəhşiliyə əl atıldı. Qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc insanlar amansızcasına qətlə yetirildi.
20 Yanvar hadisələrinin nəticələrindən bəhs edən K.Məmmədov Azərbaycanın o vaxtkı rəhbərliyinin qətiyyətsizlik göstərərək düzgün addımlar atmaq iqtidarında olmadığını təəssüflə qeyd edib. Xüsusilə vurğulayıb ki, Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı barəsində ən kəskin bəyanatı Ümummilli Lider Heydər Əliyev vermişdir. Məhz Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 1994-cü il 29 mart tarixində keçirilən Milli Məclisin xüsusi sessiyasında 20 Yanvar hadisələri ilk dəfə dövlət səviyyəsində müzakirə olundu, Azərbaycan xalqına yönələn cinayət aktı kimi qiymətləndirildi.
Faciədən sonrakı mürəkkəb proseslərlə müşayiət olunan siyasi dövrü xarakterizə edən K.Məmmədov ədalətsiz sovet rəhbərliyi tərəfindən törədilən bu faciənin qüdrətli Azərbaycan xalqının müstəqillik arzusunu, əzmini qırmağa nail ola bilmədiyini vurğulayıb. Qeyd edib ki, baş verən siyasi proseslər qarşısında daima dik duran, azadlıq mübarizəsindən dönməyən xalqımız Ulu Öndərin rəhbərliyi ilə öz haqq səsini dünyaya çatdırdı, müstəqil dövlət kimi qabaqcıl ölkələr sırasında öz layiqli yerini tutdu.
20 Yanvar tarixinin Azərbaycan xalqının başına gələn dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də azadlıq mübarizəsinin rəmzi, qəhrəmanlıq salnaməsi olduğunu bildirən K.Məmmədov faciə qurbanlarını ehtiramla yad edib.
Sonra mühəndis-proqramçı Soltan Məmmədov çıxış edərək 20 Yanvar faciəsinin tarixi gedişatı barədə məlumat verib, öz xatirələrini bölüşüb.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaq!


