
10 dekabr 2025-ci il tarixində elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
30.01.2026 / Xəbərlər
Xatırladaq ki, elan üzrə 54 dövlət orqanında mövcud olan 330 vakant vəzifə ümumi müsahibəyə çıxarılmışdır. Elana çıxarılan vəzifələr üzrə namizədlərlə 1390 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsahibə sayı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclərlə iş şöbəsi, Vətənpərvərlik tərbiyəsi sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 93 namizəd), Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzi, Ortamüddətli büdcə siyasəti sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 67 namizəd) vəzifələri üzrə qeydə alınıb.
Müsahibələrin 6 fevral – 18 mart 2026-cı il tarixlərində keçirilməsi planlaşdırılır.
Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.


