1770094750.jpg)
Akademik İsa Həbibbəyli: “AMEA-da intellektual gəncliyin inkişafı üçün zəruri addımlar atılır”
03.02.2026 / Xəbərlər
Dünyanın 20-yə yaxın ölkəsinin təcrübəsindən istifadə etməklə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bazasında Gənclər Akademiyası təsis olunub və onun əsasnaməsi təsdiqlənib.
Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyətində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənc Alim və Mütəxəssislər Şurasından – Gənclər Akademiyasına” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Akademik İsa Həbibbəyli bildirib ki, bu gün Gənclər Gününün ölkəmizdə geniş şəkildə qeyd edilməsi onlara göstərilən böyük diqqət və ehtiramın ifadəsi olmaqla yanaşı, həm də Azərbaycanın işıqlı gələcəyinə doğru atılmış mühüm addımdır. Akademik İsa Həbibbəyli qeyd edib ki, bu kimi tədbirlər onların dünyagörüşünü, baxışlarını, düşüncələrini inkişaf etdirir, eyni zamanda yeni gənc kadrların meydana çıxmasına təkan verir.
Ölkəmizdə gənclər hərəkatının əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyən akademik İsa Həbibbəyli dahi liderin Azərbaycana rəhbərliyinin həm birinci, həm də ikinci dövründə hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını söyləyib. Diqqətə çatdırıb ki, Ümummilli Lider yenicə müstəqilliyini əldə etmiş Azərbaycanın gəncliyini forumlar ətrafında birləşdirmiş, onların gələcək inkişaflar üçün öz tövsiyələrini vermiş, intellektual gəncliyin önə çıxmasına çalışmış və nəticədə Ulu Öndərin Sərəncamı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü elan olunmuşdur.
Ümummilli Liderin gənclər siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən akademik İsa Həbibbəyli bildirib ki, bu siyasət dövlətimizin əsas istiqamətlərindən birinə çevrilməklə, ölkəmizin idarəetmə strukturlarında da özünü göstərməkdədir. Vurğulayıb ki, bu gün Azərbaycan gəncliyi dövlət idarəetməsində geniş təmsil olunur, yüksək vəzifələrə çəkilərək ölkəmizin inkişafına öz töhfələrini verirlər. Akademik İsa Həbibbəyli qeyd edib ki, dövlətimizin başçısı tərəfindən regionlardakı gənclik də hər zaman diqqət mərkəzində saxlanılır və onların inkişafı üçün bütün zəruri addımlar atılır.
AMEA rəhbəri Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsis edilmiş Gənclər üçün Prezident Mükafatının ölkəmizdə gənclərə göstərilən diqqətin bariz ifadəsi olduğunu söyləyib.
Dövlətimizin gənclər siyasətinə uyğun olaraq, AMEA-da da intellektual gəncliyin inkişafı üçün zəruri addımların atıldığını söyləyən akademik İsa Həbibbəyli qeyd edib ki, “Gənc tədqiqatçı” jurnalının buraxılışı biri ingiliscə olmaqla, ildə 4 dəfəyə çatdırılıb. Həmçinin elmi tədqiqat və ictimai fəaliyyətində fərqlənən gənclər üçün “İlin gənc alimi” mükafatı təsis edilib. 2025-ci ildə AMEA-nın 80 illik yubileyinə həsr olunmuş “Humanitar və ictimai elmlər sahəsində süni intellekt və rəqəmsal texnolologiyalardan istifadə imkanları” mövzusunda elmi məqalə müsabiqəsi təşkil edilib və 19 gənc təltif olunub. Eyni zamanda Naxçıvan və Gəncədə gənclər üçün konfranslar təşkil olunaraq regionlarda elmi, intellektual gəncliyin inkişafı üçün əməli addımlar atılıb. Bundan əlavə, gənc alimlər Türkiyə, Polşa, Macarıstan, Misir və başqa ölkələrdə təcrübələrə, ixtisasartırma kurslarına göndəriliblər və bu proses mütəmadi davam etdirilir. İntellektual gəncliyin inkişafı, doktorant və dissertantların elmi işləri üçün zəruri mənbələrlə işləmək imkanlarını genişləndirmək məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanası müasir səviyyədə yenidən qurulub, dünyanın 200-ə yaxın kitabxanasına çıxış imkanı təmin olunub. O cümlədən Akademiyada elmi irsin rəqəmsallaşdırılması işlərinə başlanılıb və gənclərin elektron arxivdən istifadə imkanları işlər yekunlaşdıqdan sonra təmin ediləcəkdir. Həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili və fiziki sağlamlığı istiqamətində isə futbol yarışlarının keçirildiyini diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli gənclərin inkişafı istiqamətində atılan mühüm addımlardan birinin də onların gənc yaşda müdafiə etməsi olduğunu, bu yöndə də bir sıra mühüm inkişafın artıq müşahidə edildiyini söyləyib. Bundan əlavə, gənclərin, orta yaşlı nəslin rəhbər vəzifələrə çəkildiyini və onların öz vəzifələrinin öhdəsindən layiqincə gəldiklərini vurğulayıb.
AMEA rəhbəri dünyanın 20-yə yaxın ölkəsinin təcrübəsindən istifadə etməklə Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının bazasında Gənclər Akademiyasının təsis olunduğunu bildirib. Qeyd edib ki, artıq Gənclər Akademiyasının əsasnaməsi təsdiqlənib və rəhbər vəzifələr – dosent Elmir Babayev sədr, filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev Elmi-kütləvi tədbirlərin təşkili departamentinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Arzu İsgəndərzadə Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının sədri, Günel Əzimova isə Rəqəmsal Mobillik Mərkəzinin müdiri təyin olunublar. Filologiya elmləri doktoru, dosent Sərxan Xavəri isə Gənclər Akademiyasına elmi məsləhətçi təyin edilib.
Gənclər Akademiyasının təşkilatçılığı ilə bu gün ilk konfransın keçirildiyini deyən akademik İsa Həbibbəyli Akademiya gəncliyini təbrik edib, onlara elmi və ictimai fəaliyyətlərində uğurlar arzulayıb.


