
Böyük Britaniyanın AQA Qlobal Qiymətləndirmə Xidmətinin nümayəndələri ilə görüş keçirilib
05.02.2026 / Xəbərlər
3 fevral 2026-cı il tarixində Bakıda işgüzar səfərdə olan Böyük Britaniyanın aparıcı qiymətləndirmə təşkilatlarından "AQA Qlobal" Qiymətləndirmə Xidmətinin nümayəndələri ilə DİM-də görüş keçirilib.
Görüşdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, “AQA Qlobal” Qiymətləndirmə Xidmətinin bacarıqlar üzrə direktor müavini Şon Smitin rəhbərlik etdiyi nümayəndə heyəti və DİM-in müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı DİM tərəfindən həyata keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanları ilə “A-Level” imtahanlarının müqayisəli təhlilinin aparılması üzrə “AQA Qlobal” Qiymətləndirmə Xidməti tərəfindən təqdim edilmiş təkliflər müzakirə olunub. Müzakirələr zamanı təklif olunan tədqiqatın əhatə dairəsi, metodologiyası və eləcə də beynəlxalq və milli qiymətləndirmə standartlarının uyğunlaşdırılması barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı həmçinin qiymətləndirmə prosesinin keyfiyyətinin artırılması, beynəlxalq təcrübənin öyrənilməsi, qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi və bu sahədə müasir yanaşmaların tətbiqi imkanları nəzərdən keçirilib. Eyni zamanda, DİM ilə “AQA Qlobal” Qiymətləndirmə Xidməti arasında gələcək əməkdaşlıq perspektivləri, o cümlədən qiymətləndirmə sahəsində birgə tədqiqatların həyata keçirilməsi imkanları barədə müzakirə aparılıb.


