
OpenAI ChatGPT-də reklamları sınaqdan keçirməyə başlayıb
10.02.2026 / Maraqlı məlumatlar
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, OpenAI 2022-ci ildən bəri əsasən reklamsız fəaliyyət göstərən ChatGPT platformasında ilk dəfə olaraq reklamları test etməyə başlayıb. Şirkət bu addımı rəsmi bloq yazısında təsdiqləyib.
Məlumata görə, reklamlar hazırda ABŞ-də Free və Go planlarından istifadə edən, hesabına daxil olmuş istifadəçilər üçün sınaq rejimində göstərilir. Pro, Business, Enterprise və Education kimi ödənişli planlar isə tamamilə reklamsız qalacaq.
OpenAI bildirir ki, bu addımın məqsədi daha geniş auditoriyaya qabaqcıl süni intellekt alətlərini təqdim etmək üçün maliyyə mənbəyi yaratmaqdır. Şirkətin açıqlamasında qeyd olunur ki, hazırda əsas fokus reklamların istifadəçi təcrübəsinə necə uyğunlaşdığını öyrənməkdir.
Reklamlar ChatGPT-nin verdiyi cavabların daxilində deyil, cavabların xaricində və “sponsorlu məzmun” etiketi ilə göstərilir. OpenAI vurğulayır ki, reklamlar çatbotun cavablarına təsir etmir və istifadəçilərin söhbətləri reklamçılarla paylaşılmır.


