1770961885.png)
3200 işıq ili uzaqda ulduz 9 ay “yoxa çıxdı”
13.02.2026 / Maraqlı məlumatlar
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, astronomlar Günəşdən təxminən iki dəfə böyük olan bir ulduzun qəfil yoxa çıxmasının sirrini açdı. ASASSN-24fw adlanan bu ulduz təxminən 3200 işıq ili uzaqda, Monoceros (Təkbuynuz) bürcü istiqamətində yerləşir.
2024-cü ilin sonlarına doğru alimlər ulduzun parlaqlığının qəfil azaldığını müşahidə etdilər. Adətən belə qaralmalar bir neçə gün və ya həftə çəkir. Lakin bu dəfə proses demək olar ki, 200 gün, yəni 9 ay davam etdi. Ulduz sanki göydən silinmişdi.
Araşdırma nəticələri Monthly Notices of the Royal Astronomical Society jurnalında dərc olunub. Tədqiqatçılar hesab edirlər ki, ulduzun işığını nəhəng halqa sisteminə malik bir obyekt bloklayıb. Əsas ehtimala görə, bu obyekt ya qəhvəyi cırtdandır (ulduz olmaq üçün yetərli kütləsi olmayan “yarımçıq” ulduz), ya da Yupiterdən daha böyük olan “super-Yupiter” tipli planetdir.
Bu halqa sistemi Saturnunkuna bənzəsə də, ölçü baxımından inanılmaz dərəcədə böyükdür. Təxminən 15,8 milyon mil (təqribən 25 milyon kilometr) radiusa malikdir. Bu, Günəşlə Merkuri arasındakı məsafənin yarısına bərabərdir. Halqalar ulduzun qarşısından keçərkən onun işığının təxminən 97 faizini bloklayıb. Maraqlıdır ki, qaralma əvvəlcə zəif olub, çünki halqaların kənar hissələri nazikdir. Daha sıx bölgələr ulduzun qarşısına keçəndə isə parlaqlıq kəskin şəkildə azalıb.
Müşahidələr göstərir ki, ulduzun ətrafında hələ də qalıq material mövcuddur. Bu isə bir milyard ildən çox yaşı olduğu düşünülən bir ulduz üçün qeyri-adi hal sayılır və keçmiş planet toqquşmalarına işarə edə bilər.


