
Riyaziyyat İnstitutu PHŞ-nin müəllifi olduğu layihələr qrant müsabiqəsinin qalibi olub
13.02.2026 / Mühüm xəbərlər
SOCAR-ın “Elm və Təhsil Fondu”nun 2025-ci il üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələr arasında elan etdiyi qrant müsabiqəsinin nəticələri açıqlanıb. Fondun İdarə Heyətinin müvafiq qərarına əsasən, ekspert rəyləri nəzərə alınmaqla Müsabiqə Komissiyasının qiymətləndirməsi nəticəsində Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müvafiq elmi müəssisələrin layihələri qalib elan olunub.
Müsabiqə nəticəsində AR Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutu PHŞ-nin müəllifi olduğu 4 layihə qalib elan edilib. Onlar t.e.d., dosent Qəmbər Quluyevin rəhbərliyi ilə “Ştanqlı nasosla istismar olunan quyularda nasosun optimal iş rejiminin təyini üçün proqram təminatının (kompüter simulyatorunun) yaradılması”, t.e.d., dosent Asif Rzayevin rəhbərliyi ilə “Az debitli quyulardan neft hasilatında neft-su nisbətinin artırılması üçün texnologiyaların və idarəetmə sisteminin işlənilməsi”, t.e.d., dosent Fəhrad Paşayevin rəhbərliyi ilə “Neftçıxarmada rəqəmsal xidmət infrastrukturunun qiymətləndirilməsi modelləri və alqoritmlərinin işlənilməsi” və AMEA-nın müxbir üzvü, professor Qeylani Pənahovun rəhbərliyi ilə “Karbohidrogen tullantıları ilə ətraf mühitin çirklənməsinin riyazi modelləşdirilməsi və təsirlərin azaldılması yollarının işlənməsi” layihələridir.
Qeyd edək ki, sözügedən müsabiqə Azərbaycan Respublikasında neft, neft-kimya və qaz sənayesi, alternativ enerji və yaşıl energetika sahələri üzrə aktual elmi problemlərin nəzəri və praktiki aspektlərinin tədqiqi, innovativ və tətbiqyönümlü nəticələrin əldə olunması, eləcə də texnoloji və kommersiya potensialına malik elmi fəaliyyətin təşviqi məqsədilə təşkil olunub.


