1771842551.png)
“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
23.02.2026 / Xəbərlər
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin fevral ayında növbəti nömrəsi çapdan çıxıb.
Bu sayın ön səhifəsində “Bakı və Belqrad arasında strateji müttəfiqlik genişlənir” başlıqlı icmal yer alır.
Bugünkü buraxılışın ilk səhifələrində “Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” üzrə vahid fəaliyyət planının müddəaları və Azərbaycan Milli Elmlər Akademiyasının vəzifələri” sərlövhəli yazı, “Medianın dili elmi müzakirə müstəvisində” mövzusunda konfrans, “Dahi memar Əcəmi Naxçıvani yaradıcılığı” mövzusunda elmi sessiya və AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Beynəlxalq Akademiyalar Birliyinin Təsis konfransında iştirakı barədə informasiyalar dərc edilib.
“Elm” qəzetinin bu nömrəsində, AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin ölkəmizdə rəqəmsal transformasiya prosesi mövzusunda açıqlaması, AMEA Fəlsəfə və Sosiologioya İnstitutu və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Rəqəmsallıq və sosial informasiyanın inkişaf dinamikası” mövzusunda respublika elmi konfransı, Nəsimi adına Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Günü münasibətilə elmi sessiya və Naxçıvan Bölməsində müasir elmi mühitdə baş verən yeniliklərə dair elmi seminar haqqında yazılar yer alır.
Bu sayda “Dil dövlətin səssiz ordusudur: Azərbaycan folklor yaddaşında dövlətçilik ruhunun qorunması”, “Ana dilimizin saflığı: tarixi köklər və müasir çağırışlar”, “Alim və vətəndaş. Professorun yubileyinə” və “Türk dillərinin qrammatik sistemində köməkçi nitq hissələrinin yeri əhatəli tədqiqat müstəvisində” sərlövhəli məqalələr, həmçinin digər xəbərlər işıqlandırılıb.
Qəzetin rus və ingilis dili bölmələrində Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.


