
60 ilin rekordu qırıla bilər: Ən parlaq kometa Günəşin yaxınlığından keçəcək
13.03.2026 / Maraqlı məlumatlar
Cari ilin əvvəlində kəşf edilən C/2026 A1 (MAPS) kometası aprelin 4-də Günəşlə toqquşmayacaq. Səma cismi ulduzun yaxınlığından keçərək onun tac qatında (atmosferində) buxarlanma prosesinə məruz qalacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Ka-Dar" rəsədxanasının elmi rəhbəri Stas Korotkiy "RİA Novosti"yə müsahibəsində bildirib. Mütəxəssis qeyd edib ki, MAPS kometasının hərəkət trayektoriyasının tədqiqi onun Günəşə çırpılmayacağını sübut edir.
Astronomun sözlərinə görə, kometanın Günəşin mərkəzi ilə arasındakı ən qısa məsafə təqribən 857 min kilometr təşkil edəcək. Günəşin radiusunun 696 min kilometr olduğunu nəzərə alan alim izah edib ki, bu, kometanın Günəş səthindən cəmi 161 min kilometr (±1380 km xəta ilə) məsafədən keçəcəyi deməkdir. Səma cismi aprelin 4-də, Bakı vaxtı ilə saat 18:19-da Günəşə maksimum yaxınlaşma nöqtəsində olacaq.
Xatırladaq ki, C/2026 A1 (MAPS) kometası ilk dəfə yanvarın 13-də Çili ərazisindən qeydə alınıb. Son 52 gün ərzində Harvard Kiçik Planet Mərkəzinin bazasına bu cismin hərəkəti ilə bağlı 200-dən çox astrometrik koordinat daxil edilib. S.Korotkiy hesab edir ki, Günəşə yaxınlaşarkən kometanın diametri təxminən bir kilometr olan nüvəsi parçalana bilər. Lakin parlaqlığı sürətlə artan bu kometanın son 60 ilin ən parlaq səma cisminə çevrilmək ehtimalı olduqca yüksəkdir.


