
Marsda mümkün həyat izləri ilə bağlı yeni tapıntı
01.04.2026 / Maraqlı məlumatlar
Marsda Yer kürəsindəki mikrobların fəaliyyəti nəticəsində yaranan süxurlara bənzər nikel yataqları aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə nüfuzlu "Nature Communications" jurnalı xəbər yayıb.
NASA-nın "Perseverance" aparatı Yezero kraterinin Neretva bölgəsində apardığı tədqiqatlar zamanı dəmir, kükürd və üzvi maddələrlə yanaşı, yüksək miqdarda nikel aşkar edib.
Alimlərin fikrincə, Yer kürəsində bu cür elementlərin birləşməsi adətən mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində formalaşır. Bu bənzərlik Marsda da nə vaxtsa həyatın ola bilməsi ehtimalını gücləndirir.
Lakin tədqiqatçılar ehtiyatlı davranaraq bildirirlər ki, bu yataqların canlı orqanizmlərin iştirakı olmadan, tamamilə geoloji və kimyəvi proseslər nəticəsində yaranması ehtimalı da istisna edilmir. Hazırda tapıntının mənşəyini tam dəqiqləşdirmək üçün əlavə analizlər davam etdirilir.


