
Bu gün Beynəlxalq Uşaq Kitabı Günüdür
02.04.2026 / Xəbərlər
Aprelin 2-si uşaqlıqla kitab arasında qurulan ilk bağın dəyərini xatırladan bir gündür. Kitab uşağın dünyanı tanıdığı, duyğularını adlandırdığı, yaxşı ilə pisi ayırd etməyi öyrəndiyi əsas mənbələrdən biridir. Erkən yaşlarda formalaşan kitaba sevgi sonradan yalnız düşüncə tərzi, zövq və həyat yanaşması kimi özünü göstərir. Bu səbəbdən uşaq və kitab münasibəti təsadüfi deyil, məqsədli şəkildə qurulmalı olan bir prosesdir.
"Azərbaycan müəllimi" xəbər verir ki, aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günüdür. Bu günün tarixi də məhz bu ideyanın üzərində qurulub. Aprelin 2-nin Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunması dünya uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Hans Kristian Andersenin doğum günü ilə bağlıdır. 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən təsis edilən bu günün keçirilməsi ideyası alman yazıçısı Yella Lepman tərəfindən irəli sürülüb. Məqsəd uşaq ədəbiyyatına diqqəti artırmaq, kitabın uşaqların inkişafındakı rolunu cəmiyyətə daha aydın şəkildə çatdırmaqdır.
Uşaq ədəbiyyatının inkişaf tarixi isə daha qədim dövrlərə gedib çıxır. İlk nümunələrdən biri kimi qədim yunan müəllifi Ezopun təmsilləri göstərilir. Sonrakı dövrdə çex pedaqoqu Yan Amos Komenski uşaqlar üçün illüstrasiyalı kitablar hazırlayaraq öyrənmə prosesinə yeni yanaşma gətirib. XVIII əsrdən etibarən uşaqlar üçün ayrıca ədəbiyyat formalaşmağa başlayıb, Daniel Defo və Conatan Svift kimi müəlliflərin əsərləri uyğunlaşdırılaraq uşaqların oxu dairəsinə daxil edilib. Qrimm qardaşlarının nağılları və Andersenin əsərləri isə bu sahənin klassik nümunələrinə çevrilib.
Bu gün uşaq kitabı anlayışı yalnız nağıl və hekayələrlə məhdudlaşmır. O, uşağın intellektual, emosional və sosial inkişafına təsir edən kompleks bir vasitədir. Mütaliə uşağın söz ehtiyatını artırır, təfəkkürünü inkişaf etdirir, eyni zamanda empatiya və dəyər anlayışlarını formalaşdırır. Uşaq oxuduğu qəhrəmanlar vasitəsilə davranış modellərini mənimsəyir, qərar verməyi və nəticə çıxarmağı öyrənir.
Müasir dövrdə əsas məsələ kitabın mövcudluğu deyil, düzgün seçimin edilməsidir. Çoxsaylı nəşrlər arasında uşağın yaşına, psixoloji ehtiyaclarına və inkişaf səviyyəsinə uyğun kitabların seçilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki erkən yaşlarda oxunan mətnlər insanın dünyagörüşünə uzunmüddətli təsir göstərir.
Beynəlxalq Uşaq Kitabı Günü bu baxımdan həm maarifləndirici, həm də istiqamətləndirici xarakter daşıyır. Bu gün bir daha xatırladır ki, gələcək nəsillərin düşünən, dəyərlərə bağlı və inkişaf etmiş fərdlər kimi formalaşması böyük ölçüdə onların uşaqlıqda hansı kitablarla tanış olmasından başlayır.


