Gənc Müəllimlərin II Forumu keçirilib
13.06.2022 /İyunun 11-də Bakıda Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən Gənc Müəllimlərin II Forumu keçirilib.
Tədris ilinin yekunlarına həsr olunan forum gənc müəllimlərin yumşaq və sərt bacarıqlarının artırılması məqsədilə təşkil edilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərimizin, o cümlədən 20 təhsil işçisinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Forumda çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyası İdarə Heyətinin sədri Rüfət Əsədzadə bildirib ki, rəhbərlik etdiyi assosiasiyanın əsas məqsədi istedadlı gənc müəllimlərin aşkara çıxarılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, bir-birinə dəstək olması, şəbəkələşməsi, həmçinin ölkə səviyyəsində elmi-praktik konfransların keçirilməsidir.
Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev müəllim peşəsinin özəlliklərindən, təhsil işçilərinin üzərinə düşən vəzifələrdən, müəllim məsuliyyətindən söz açıb. Pandemiya dövründə müəllimlərimizin, xüsusilə yaşlı nəslin nümayəndələrinin fədakarlıq göstərdiklərini söyləyib, onlara təşəkkürünü bildirib. Son illərdə müəllim peşəsinə marağın artdığını, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işləri qeyd edən nazir ölkəmizdə təhsil sahəsində həyata keçirilən mühüm təşəbbüslərdən söz açıb. O, dövlət tərəfindən müəllimlərə göstərilən diqqət və qayğıdan, onların əməkhaqlarının artırılmasından, eyni zamanda, müəllimlərin sertifikasiyasından danışıb. Emin Əmrullayev cəmiyyətimizdə müəllimlərə yüksək səviyyədə dəstək göstərilməsinin vacibliyini vurğulayıb, forum iştirakçılarına uğurlar arzulayıb.
Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva təmsil etdikləri qurumların fəaliyyətindən, gənc nəslin yetişməsində müəllimlərin rolundan söz açıb, təhsil işçilərinin bilik və bacarıqlarının artırılmasında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının fəaliyyətini yüksək dəyərləndirib, birgə əməkdaşlığın vacibliyini vurğulayıb, qarşıya qoyulan hədəflərdən danışıblar. Bildirilib ki, yeni nəslin yetişdirilməsində böyük əməyi olan müəllimlər fəaliyyət göstərdikləri mühitin yaxşılaşdırılmasında da səylə çalışırlar. Azərbaycan Gənc Müəllimlər Assosiasiyası müəllimlərin inkişafına dəstək olmaq və onları maarifləndirmək üçün bir sıra ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, müxtəlif tədbirlər həyata keçirir.
Forumda Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Təhsil sistemində sosial və emosional bacarıqların inkişafı”, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universitetinin ikili diplom proqramının baş direktoru Tofiq Əhmədov “Təhsildə keyfiyyət mədəniyyəti nədir və ona necə nail olmalı”, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir əvəzi Rövşən Əliyev “Ən yaxşı məktəb yaradıcı şagirdlərlə innovativ və savadlı müəllimlərin vəhdətidir” və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədr müavini, poliqlot Aslan Məmmədzadə “Doqquz dildə danışmağı necə öyrəndim?” mövzularında məruzələrlə çıxış edib, müzakirələr aparıblar.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “Cadenza” orkestrinin ifasında konsert proqramı təqdim edilib. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının fəaliyyətində yaxından iştirak edən və səmərəli fəaliyyətinə görə fərqlənən müəllimlər mükafatlandırılıb.
Forumda respublikanın müxtəlif bölgələrindən 300-dək müəllim və təhsil ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları iştirak edib.
Qeyd edək ki, tədbirdə, həmçinin AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) elmi işçisi və doktorantı Səyyarə Hidayətzadə də iştirak edib.