11 fevral - “Qadınlar və Qızlar Elmdə” Beynəlxalq Gününə həsr olunmuş tədbir keçirilib
11.02.2021 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) 11 fevral - “Qadınlar və Qızlar Elmdə” Beynəlxalq Gününə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbirdə İnstitutun Qadınlar şurası (QŞ) üzvləri ilə yanaşı, Gənc Alim və Mütəxəssislər Şurası, Həmkarlar təşkilatı, Təhsil və İctimaiyyətlə Əlaqələr şöbələrinin nümayəndələri iştirak etdilər. Öncə 44 günlük Vətən Müharibəsində torpaqlar uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İSİ QŞ-nın sədri, t.ü.f.d., dosent Rəna Əsədova tədbiri giriş nitqi ilə açaraq “Qadınlar və qızlar elmdə” beynəlxalq gününün Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 2015-ci ildə təsis edildiyini və hər il fevralın 11-də dünyanın bir çox ölkələrində geniş qeyd olunduğunu bildirdi. O, ölkədə qadınlara dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini qeyd edərək bu istiqamətdə həyata keçirilən əməli tədbirlərdən söz açıb. İSİ-də elmi fəaliyyətlə məşğul olan qadınların uğurlarından bəhs edən alim Azərbaycanın riyaziyyat sahəsində ilk qadın elmlər doktoru Tamilla Nəsirovanın yaratdığı elmi məktəbdən və elmə verdiyi tövhələrdən danışdı. R.Əsədova dünyanı ağuşuna alan pandemiya dövründə institutun alimlərinin, o cümlədən, qadın alimlərin elmi yaradıcılıqları haqqında məlumat verərək qeyd etdi ki, pandemiya alimlərin elmi fəaliyyətinə mənfi təsir göstərməmiş və onlar xarıcı nüfuzlu jurnallarda məqalələr dərc etdirmiş, kitab və monoqrafiyalar hazırlamışlar.
Sonra, İSİ QŞ-nın sədr müavini, i.ü.f.d. Aygün Əliyeva Azərbaycan elmində önəmli izlər qoymuş və ilklərə imza atmış qadınlardan söz açaraq oftalmologiya sahəsində ilk qadın akademik Zərifə Əliyeva, şərqşünas alim Aida İmanquliyeva və digər alimlər haqqında danışmışdır. A.Əliyeva, həmçinin müasir dövrdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həm ictimai, həm də elmi fəaliyyəti ilə Azərbaycan qadınlarına nümunə olduğunu xüsusi qeyd etmişdir.
Tədbirdə çıxış edən t.e.d., professor Tamilla Nəsirova Azərbaycan qadınlarının müharibə zamanı arxa cəbhədə fədakarlıq göstərdiklərini vurğulayıb. Elmdə əldə etdiyi uğurlardan söz açan alim yüksək səviyyəli kadr hazırlığında, gənc mütəxəssislərin yetişməsində elmi məktəblərin əhəmiyyətli rolunu qeyd edib və elmi fəaliyyətlə məşğul olan gənclərə öz tövsiyələrini səsləndirib.
Sonra t.e.d., professor Nailə Musayeva çıxışında müasir dövrdə Azərbaycan qadınlarına verilən dəyər, onların elm və təhsilin inkişafında rolu, texniki sahədə qadınların əldə etdiyi uğurlardan söz açmışdır. N.Musayeva 2017-ci ildə Moskvada nəşr olunan “Rusiya və Azərbaycanın riyaziyyatçı qadınları” (“Женщины-математики России и Азербайджана”) kitabı haqda tədbir iştirakçılarına məlumat verərək, İSİ-nin riyaziyyatçı qadınları barədə məqalələrin kitabda yer aldığını diqqətə çatdırdı.
Daha sonra r.ü.f.d., dosent Gülçin Abdullayeva İnstitutun yaranma tarixi və inkişaf mərhələlərindən söz açmış və informasiya-kommunikasiya texnologiyaları sahəsində kadrların yetişdirilməsi istiqamətində qadın alimlərinin iştirakını qeyd edib. O, qadınların elmi biliklərə yiyələnməyinin zəruriliyini vurğulayaraq institutda çalışan bacarıqlı gənc tədqiqatçı qadınlardan danışmışdır.
Əlamətdar gün münasibətilə qadınları təbrik edən r.e.d., professor İlqar Məmmədov çıxışında elm aləmində inqilabi ixtiraları, əhəmiyyətli kəşfləri ilə seçilən qadın alimlərdən bəhs edib.
Daha sonra t.ü.f.d. Rəhilə Sadıqova texniki sahədə təhsil alan və çalışan qadınlardan, r.ü.f.d., dosent Könül Ömərova qadınların azlıq təşkil etdiyi sahələrdən və elmtutumlu mövzular üzrə nailiyyətlərindən və institutun böyük elmi işçisi Valeriya Puşnova informasiya cəmiyyətində gənc nəslin inkişafından söz açıblar.
Sonda QŞ-nın sədri R.Əsədova bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.