İdarəetmə Sistemləri İnstitutunun növbəti elmi seminarı keçirilmişdir
08.06.2021 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) növbəti elmi seminarı keçirilmişdir. Tədbirdə İnstitutun rəhbərliyi, alim və mütəxəssislər, dəvət olunmuş qonaqlar, o cümlədən institutun gənc tədqiqatçıları iştirak ediblər.
Seminarda İSİ-nin “Neft sənayesində nanotexnologiyaların tətbiqində riyazi modelləşdirmə” laboratoriyasının rəhbəri, t.e.d., professor Eldar Şahbazov "Azərbaycan neft sənayesində nanotexnologiyaların elmi əsaslarının işlənilməsi və tətbiqi" mövzusunda təqdimatla çıxış etdi.
Eldar Şahbazov qeyd etdi ki, neftvermə əmsalının artırılması istiqamətində cari vəziyyətə əsasən, son altmış ildə SOCAR-ın neft və qaz yataqlarında mikrobioloji, termiki və fiziki-kimyəvi təsir üsulları tətbiq edilmiş və nəticədə neftvermə əmsalı artırılmışdır. Bu istiqamətdə birbaşa neftvermə əmsalının artırılmasına təsir edən amillər isə istismar zamanı quyularda, laylarda xeyli mürəkkəbləşmələrin yaranması olmuşdur.
E. Şahbazov nanotermohidrodinamikanın əsasında "kiçik təsir və həyəcan effekti"nin işləndiyini və bununla da qalıq neftin hasilatının qum tıxaclarına qarşı qazma, nanosement və nanobentonitin işlənildiyini qeyd edərək, bu tədqiqatlarla bağlı göstəriciləri tədbir iştirakçılarının diqqətinə çatdırmış, ətraflı izah vermişdir. O, həmçinin SOCAR-ın nanotexnologiyalarının tətbiqi zamanı nanoörtüyün yaranması ilə alınan effektlər və nəticələr barədə söz açıb.
E. Şahbazov qalıq neftin hasilatı zamanı nanoörtüyün yaranması və nəticələri, nanosistemlərin neftqazçıxarmada tətbiqi, dünyanın müxtəlif ölkələrində aparılan elmi- analitik tədqiqatlar, quma və duzçökməyə qarşı nanosistemin tətbiqi ilə təmirlərarası müddətin artım dinamikası və nanotexnologiyaların inkişaf dinamikası barədə seminar iştirakçılarına ətraflı məlumat vermiş, bir sıra önəmli nüansları diqqətə çatdırmışdır.
Sonra məruzəçi iştirakçıların suallarını cavablandırmış və mövzu ətrafında müzakirələr aparılmışdır. Müzakirələrdə İSİ-nin baş direktoru, akademik Əli Abbasov, AMEA-nın müxbir üzvü Kamil Aydazadə, t.e.d. Fəhrad Paşayev, t.e.d. Qəmbər Quliyev, t.e.d., dosent Asif Rzayev, r.e.d. İlqar Məmmədov və r.ü.f.d., dosent Ələkbər Axundov iştirak ediblər.
Daha sonra AMEA-nın müşaviri, akademik Telman Əliyev çıxış edərək kifayət qədər mürəkkəb və aktual məsələ olan nanotexnologiyaların önəminə toxunmuş, ölkəmizdə neft sahəsində nanotexnologiyaların tətbiqindən və bu sahədə yaranan problemlərdən söz açmışdır. Təqdim olunan tədqiqatı yüksək qiymətləndirən T. Əliyev bu barədə fikirlərini və təkliflərini səsləndirmişdir.
İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üvzü Əminağa Sadıqov təqdim olunan mövzunun əhəmiyyətinə toxunaraq, keçirilən seminarın bu sahədə aparılan tədqiqatların istiqamətinin müəyyənləşdirilməsi baxımından önəmli olduğunu qeyd edib. Ə. Sadıqov aparılan tədqiqatlarda İSİ-nin önəmi, digər müvafiq qurumlarla əməkdaşlıqlar, nanoməhsulların istehsalı və bu sahədə mövcud problemlər barədə fikirlərini səsləndirib.
Elmi seminarda r.e.d., professor Tamilla Nəsirova, r.e.d. İlqar Məmmədov, t.e.d. Qəmbər Quliyev, r.ü.f.d., dosent Ələkbər Axundov və r.ü.f.d., dosent Könül Ömərova da mövzu ətrafında fikirlərini və təkliflərini səsləndirərək tədqiqatı yüksək qiymətləndiriblər.
Sonra institutun baş direktoru, akademik Əli Abbasov çıxış edərək notexnologiyaların tətbiqi ilə neftçıxarma prosesinin idarə edilməsinin təkmilləşdirilməsi çox aktual məsələlərdən biri olduğunu diqqətə çatdırdı. Ə. Abbasov məruzə ilə bağlı səsləndirilən fikirləri bir daha nəzərdən keçirərək tədqiqatın qarşısında duran gələcək vəzifələr və araşdırılması zəruri olan məsələləri qeyd etmiş və yekun rəylərini bildirmişdir.
Sonda “Neft sənayesində nanotexnologiyaların tətbiqində riyazi modelləşdirmə” laboratoriyasının işini gücləndirmək və İSİ-də nanotexnologiyaların neftçıxarma sənayesində tətbiqini daha da genişləndirmək qərara alındı.