“AMEA-nın xəbərləri” (fizika-texnika və riyaziyyat elmləri seriyası) “İnformatika və idarəetmə problemləri” jurnalının yeni nömrəsi çapdan çıxıb
29.06.2021 / Nəşr fəaliyyətiAMEA İdarəetmə Sistemləri İnstitutunun “AMEA-nın xəbərləri” (fizika-texnika və riyaziyyat elmləri seriyası) “İnformatika və idarəetmə problemləri” jurnalının 2021-ci il üzrə birinci nömrəsi oxuculara təqdim olunub.
Jurnalda “İdarəetmə nəzəriyyəsi”, “Modelləşdirmə və identifikasiya” və “İnformasiya texnologiyaları və sistemləri” bölmələri altında ingilis dilində 9 məqalə dərc olunub. Nəşrdə “Hərbi təyinatlı logistika mərkəzinin optimal yerləşdirilməsi məsələsi”, “Məhdudiyyət şərtinin əmsallarına görə bir məhdudiyyətli tam ədədli proqramlaşdırma məsələsində zəmanətli suboptimal həllin qurulması”, “Diferensial ölçmə sistemlərinin dəqiqliyinin yüksəldilməsinin qarışıq-test üsulu”, “Stoxastik diferensial tənliklərlə təsvir olunan idarəetmə problemlərində birinci və ikinci dərəcəli zəruri optimallıq şərtləri” və s. kimi aktual mövzularda elmi məqalələr yer alıb.
Elmi məqalələrin elektron variantı jurnalın www.icp.az internet saytında yerləşdirilib. Jurnalda yer alan məqalələri saytdan yükləməklə oxumaq mümkündür.
Xatırladaq ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 1997-cı ildən nəşr olunan jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin” siyahısına daxildir