
İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilmişdir

7 iyul 2021-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının növbəti iclası keçirilmişdir.
Tədbirdə İnstitutun rəhbərliyi, Elmi şura üzvləri və dəvət olunmuş qonaqlar, o cümlədən İnstitutun gənc tədqiqatçıları iştirak ediblər.
İclası İnstitutun baş direktoru, akademik Əli Abbasov açaraq gündəlikdəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırdı və gündəlikdəki ilk məsələ ilə bağlı sözü İSİ-nin icraçı direktoru Əminağa Sadıqova verdi.
İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üvzü Əminağa Sadıqov əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının 27 may 2021-ci il tarixində keçirilən Ümumi yığıncağının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətini xatırladaraq onun əsas müddəaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Qeyd etdi ki, müraciətdə ölkəmizin inkişafı və xalqımızın rifahının daha da yüksəldilməsi ilə bağlı AMEA-nın elmi müəssisələrinin, o cümlədən İSİ-nin qarşısında duran mühüm vəzifələr öz əksini tapmışdır. Elm və təhsilin inteqrasiyası, ordu quruculuğuna müasir elmi yanaşma, informasiya cəmiyyətinin yaradılması, təbii ehtiyyatların qorunması və s. məsələlərin həllində İSİ yaxından iştirak etməlidir. Sonra AMEA Rəyasət Heyətinin 10 iyun 2021-ci il tarixli 13/1 nömrəli qərarının icrası haqqında müzakirə aparıldı və müvafiq qərarlar qəbul olundu.
Ə. Sadıqov, həmçinin İSİ-nin laboratoriyalarında 2021-ci ilin 6 ayı ərzində görülmüş işlərin yekunlarına dair hesabatları təqdim etdi, əldə olunmuş elmi nəticələri, dərc olunmuş elmi əsərləri, innovasiya fəaliyyəti, qrant layihələri və kadr hazırlığı haqqında geniş məlumat verdi.
İnstitutun yarımillik hesabatı geniş müzakirə olundu və müvafiq qərar qəbul edildi.
İclasda Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz kəndi timsalında hazırlanmış "Ağıllı kənd" Konsepsiyası haqqında İnstitutun laboratoriya müdiri professor Elçin Əliyev, “Qorqud Holdinq” MMC-nin nümayəndələri Cabbar Həsənov və Vagif Ələkbərov məlumat verdilər. Qeyd olundu ki, konsorsium tərəfindən “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ölkəmizdə işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılması siyasətinə tamamilə uyğundur.
Qeyd edildi ki, İSİ-nin Konsorsiumda planlaşdırılan iştirakı layihənin əsasında smart texnolgiyalarının dayandığını şərtləndirir. Yerli və xarici şirkətlər tərəfindən böyük həcmdə investisiya qoyuluşu nəzərdə tutulur. Dövlət-özəl-akademik əməkdaşlıq üçün yaxşı zəmin yaranır.
“Ağıllı kənddə” iqtisadi və texnoloji inkişafın önəmindən bəhs edilərək beynəlxalq əməkdaşlıq, investisiyalar haqda ətraflı məlumat verildi. Məruzəçilər AMEA-nın bu sahədə aidiyyatı qurumlarla birgə tədqiqatlarından, İSİ-dəki elmi istiqamətlərdən bəhs etdilər. Elmi şura layihənin bəyənilməsi və onun daha yüksək səviyyədə müzakirə edilməsi məqsədilə AMEA-nın Rəyasət Heyətinə müraciət edilməsi barədə qərar qəbul etdi.
Sonra AMEA-nın müxbir üvzü Əminağa Sadıqov AMEA-nın Elm, təhsil və texnologiya problemləri üzrə Elmi şuransının 2021-2022-ci illər üçün iş planına dair təkliflər haqqında tədbir iştirakçılarına məlumat verdi və Şuranın növbəti ildə fəaliyyət planına daxil edilmək üçün İSİ tərəfindən irəli sürülən təkliflər müzakirə olundu.
Tədbirdə, həmçinin patent işlərinin əlaqələndirilməsi və təkmilləşdirilməsi barədə məsələ müzakirə olundu və müvafiq qərar qəbul edildi. İclasda həmçinin kadr və digər cari məsələlərə də baxıldı.
Sonda İnstitutun baş direktoru, akademik Əli Abbasov iclasa yekun vuraraq qarşıda duran əsas vəzifələrin yerinə yetirilməsi üçün İnstitutda sağlam rəqabət mühitinin yaradılmasının, məhsuldar çalışan alimlərin əməyinin əlavə stimullaşdırılmasının vacibliyini vurğuladı və İnstitutun bir qrup əməkdaşına AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanlarını təqdim etdi.