İşğaldan azad edilmiş ərazilərin bərpa edilməsi üçün investisiya imkanları müzakirə olundu
27.08.2021 / Xəbərlər27 avqust 2021-ci il tarixində Azərbaycan Respublikasının Qarabağ bölgəsinin işğaldan azad edilmiş ərazilərin bərpası üçün investisiya imkanları mövzusunda onlayn-görüş keçirilmişdir. Görüş Qarabağ bölgəsinin işğaldan azad edilmiş ərazilərin bərpası məqsədilə yaradılmış "Böyük Qayıdış" Konsorsiumu tərəfindən təşkil edilmişdi. "Böyük Qayıdış" konsorsiumuna AMEA-nın İdarəetmə Sistemləri İnstitutu, “Qorqud Holding” MMC, “AL-Trans Consulting” MMC, “AS-KO” MMC və “SİNAM” MMC şirkəti daxildir. Görüşə böyük kənd təsərrüfatı layihələrinin reallaşdırılmasında zəngin təcrübəsi olan İsrailin “Alecon Technology&Consulting” şirkəti də dəvət olunmuşdu.
Görüşün məqsədi “Alecon Holding”-ə daxil olan “Alecon Technology&Consulting” şirkətinin kənd təsərrüfatı sahəsində fəaliyyəti ilə, o cümlədən şirkət tərəfindən müasir texnologiyaların tətbiqi ilə kənd təsərrüfatının heyvandarlıq, bitkiçilik və digər sahələrində yerinə yetirdiyi layihələrlə tanış olmaq və bu şirkətin təcrübəsindən Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərin bərpasında istifadə olunması və "Böyük Qayıdış" Konsorsiumu tərəfindən planlaşdırılan Fizuli rayonunun Horadiz kəndi timsalında “Ağıllı kənd” layihəsinin həyata keçirilməsində Alecon şirkətinin iştirakı və şirkət tərəfindən investisiya qoyuluşu imkanlarının araşdırılması idi.
Görüşdə Alecon şirkətinin nümayəndələri şirkətin fəaliyyəti və yerinə yetirdikləri layihələr haqqında ətraflı məlumat verdilər və qeyd olundu ki, Alecon şirkəti heyvandarlıq və quşçuluğun inkişafı üçün kənd təsərrüfatı obyektlərinin (o cümlədən, fermalar və broylerlərin tikintisi), kənd təsərrüfatı məhsullarının emalı, yem istehsalı zavodlarının qurulması, həmçinin qenetik araşdırmalar, aqronom/veterinar xidmətlər və hazır məhsulların satışı daxil olmaqla bütöv bir texnoloji tsikli həyata keçirən və yüksək məhsuldarlığı və effektiv idarəetməni təmin edən elmi tutumlu müasir texnologiyaya malikdir. Bununla yanaşı, Alecon şirkəti texnoloji tədris sahəsində də ixtisaslaşmışdır və fəaliyyət istiqamətlərindən biri də reallaşdırılan oxşar layihələrdə fermerlərə Tədris Mərkəzi vasitəsilə treninqlərin keçirilməsi və onlara praktik biliklərin verilməsidir. Qeyd olundu ki, belə Mərkəzin Qarabağda da qurulması, həmin bölğədə “ağıllı kənd” konsepsiyasını daha uğurla reallaşdırmaqla yanaşı, bütövlükdə Azərbaycanın aqrar potensialının gücləndirilməsinə təkan verə bilər və innovasiyaların Azərbaycanın aqrar sektoruna inteqrasiyası Konsorsiumun əsas məqsədlərindən biridir.
Görüşdə "Böyük Qayıdış" Konsorsiumunun üzvləri tərəfindən “Ağıllı kənd”in yaradılması istiqamətində planlaşdırılan layihəyə xarici investisiyaların cəlb olunması və “Ağıllı kənd”in yaradılması layihəsi çərçivəsində bölgələrdə alternativ enerji mənbələrinin qurulması və belə mənbələrin istifadəsi məsələsi qaldırıldı. Alecon şirkətinin nümayəndələri bu məsələlərə aydınlıq gətirərək qeyd etdilər ki, həm investisiya məsələsinin, həm də alternativ enerji mənbələrinin qurulması məsələlərinin reallaşdırılması üçün ilkin araşdırılmalar aparılmalı və layihənin səmərəliliyi və gəlirli olub-olmaması aydınlaşdırılmalıdır. Bunun üçün isə yerli şərait qiymətləndirilməli, layihə obyektlərində ilkin araşdırılmalar, o cümlədən marketinq araşdırmaları aparılmalı və lazım olan məlumatlar toplanmalıdır və bu məlumatlar əsas götürülməklə biznes model qurulmalı və biznes plan hazırlanmalıdır. Konsorsium üzvləri verilən təklifləri dəstəklədilər və bu təkliflərin reallaşdırılması üçün köməklik göstərməyə hazır olduqlarını bildirdilər.
Görüşün sonunda konsorsium üzvləri tərəfindən layihənin xüsusiyyətlərinə toxunularaq qeyd olundu ki, layihənin dövlət, özəl və akademik təşkilatların əməkdaşlığı əsasında həyata keçirilməsi planlaşdırılır və buna uyğun olaraq Konsorsium yaradılmışdır. Bu layihədə AMEA koordinasiya orqanı rolunu oynayır, layihədə “Ağıllı kənd”in qurulmasından söhbət getdiyindən elmi əsaslandırılmalar vacibdir və bu səbəbdən AMEA həm də layihənin elmi tutumlu hissəsinə məsul olacaq. Bu ilin sentyabr ayının ortalarında isə AMEA-da konsorsium üzvlərinin və aidiyyati dövlət təşkilatları nümayəndələrinin iştirakı ilə layihəyə baxış üzrə tədbir planlaşdırılmışdır. Alecon nümayəndələri də onlayn olaraq bu tədbirdə iştirak etməyə dəvət olundu. O da qeyd olundu ki, bu tədbiri keçirərək nəticələri əldə etdikdən sonra AMEA-nın da təmsil olunduğu Konsorsium layihənin həyata keçirilməsinə başlanması üçün dövlətə müraciət edəcək.