
İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilmişdir

14 sentyabr 2021-ci il tarixində AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının iclası onlayn formatda keçirilmişdir. İclasda institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri tam heyətdə və dəvət olunmuş qonaqlar iştirak edirdilər.
İclası institutun baş direktoru, akademik Əli Abbasov açaraq gündəlikdəki məsələlər barədə tədbir iştirakçılarına məlumat verdi. İlk olaraq Ə.Abbasov uzun illər boyu İSİ-nin elmi işlər üzrə direktor müavini vəzifəsində işləmiş, t.e.d., professor mərhum Oqtay Nüsrətovun elmi fəaliyyətinin işıqlandırılması ilə bağlı müvafiq tapşırıqlarını səsləndirdi və alimin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ə.Abbasov gündəlikdəki ilk məsələ olan “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə milli strategiyanın hazırlanması haqqında” AMEA Rəyasət Heyətinin 9 və 27 iyul 2021-ci il tarixli müvafiq qərarlarının əsas müddəaları və onlardan irəli gələn məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Sonra Ə.Abbasov gündəlikdəki digər məsələ olan AMEA-nın Rəyasət Heyətinin “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnoloiya üzrə ikinci Zirvə toplanmasındakı çıxışından irəli gələn vazifələr haqqında” 9 iyul 2021-ci il tarixli qərarı barədə müəyyən müddəaları nəzərə çatdıraraq bildirdi ki, qəbul olunan qərarlarda ölkəmizin inkişafı və xalqımızın rifahının daha da yüksəldilməsi ilə bağlı AMEA-nın elmi müəssisələrinin, o cümlədən İSİ-nin qarşısında duran mühüm vəzifələr öz əksini tapmışdır.
Müasir dövrdə elmin əhəmiyyətli rolunu vurğulayan alim ölkə başçısının sərəncamlarına əsasən innovativ inkişaf məkanının yaradılması, inklüziv cəmiyyət, IV Sənaye inqilabının çağırışlarına müvafiq olaraq süni intellektdən bir çox problemlərin həllində səmərəli istifadə, elm və təhsilin inteqrasiyası və s. məsələlərin həllində AMEA-nın, o cümlədən İSİ-nin yaxından iştirak etdiyini, bu sahədə mühüm əməkdaşlıqların qurulduğunu bildirib.
Ə.Abbasov, həmçinin ordu quruculuğuna müasir elmi yanaşma, azad olunmuş torpaqlarımızda yenidənqurma və inkişaf, təbii ehtiyyatların qorunması və seysmik tədqiqatların aparılmasının önəmini qeyd edərək bu sahədə gələcək prioritetlərdən bəhs etdi.
Sonra qeyd olunan məsələlər ətrafında geniş müzakirələr aparıldı və AMEA-nın Fizika-riyaziyyat və texnika elmləri bölməsinə veriləcək təkliflər səsə qoyuldu və müvafiq qərarlar qəbul olundu.
Daha sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üvzü Əminağa Sadıqov “AMEA-nın elm, təhsil və texnologiya problemləri üzrə elmi şurası”nın 2021-2022-ci illər üçün iş planına dair təkliflər haqqında çıxış etdi. O, müasir dövrün tələblərinə cavab verən elmi istiqamətlərin müəyyənləşdirilməsi və AMEA-nın maddi-texniki və kadr potensialının həmin istiqamətlərdə aparılan tədqiqatlara səfərbər edilməsi baxımından adı çəkilən şuranın önəmini vurğuladı.
Ə.Sadıqov Elmi şuranın fəaliyyət planına dair İSİ alimlərinin irəli sürdüyü aktual mövzuları iclas iştirakçılarının diqqətinə çatdırdı. Mövzular ətrafında aparılan geniş müzakirələrdə AMEA-nın müxbir üzvləri Ağası Məlikov və Kamil Aydazadə, r.e.d. İlqar Məmmədov, dosent Ədalət Paşayev və başqaları iştirak etdilər. Sonda 4 mövzunun seçilib təqdim olunması barədə qərar qəbul olundu.
Sonra İSİ-nin Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva gündəlikdə yer alan növbəti məsələ − institutun fəlsəfə doktoru proqramı üzrə dissertanturasına və elmlər doktoru proqramı üzrə doktoranturasına qəbul haqqında çıxış edərək İSİ-yə ayrılmış plan yerləri, keçirilmiş imtahanlar, iddiaçıların dissertasiya mövzuları və elmi rəhbərləri barədə məlumat şura üzvlərinə ətraflı məlumat verdi. Müzakirələrdən sonra iddiaçıların qəbul olunması barədə AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edildi.
Daha sonra akademik Əli Abbasov institutda sağlam rəqabət mühitinin yaradılmasının, məhsuldar çalışan alimlərin daha da həvəsləndirilməsinin vacibliyini vurğuladı. O, elmi laboratoriyaların və əməkdaşların fəaliyyətinin əlavə stimullaşdırılması üçün meyarların müəyyənləşdirilməsi məqsədi ilə AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun sədrliyi ilə ekspert qrupunun yaradılmasını təklif etdı və müvafiq qərar qəbul olundu.
Gündəlikdəki digər məsələ ilə bağlı İSİ-nin elmi katibi Zəhra Əzizova çıxış edərək İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d. Aygün Əliyevanın nəşrə hazırladğı “Azərbaycan Respublikasının sənaye sektorunda istehsal xidmətlərinin təşkilinin əsas istiqamətləri” adlı monoqrafiyası haqqında tədbir iştirakçılarına məlumat verdi. Mövzu ətrafında fikir mübadiləsi aparıldı və müvafiq qərar qəbul edildi.
İclasda, həmçinin institutun fəlsəfə doktoru proqramı üzrə doktoranturasının əyani şöbəsində təhsil alan Gülüş Nabadovanın qiyabi şöbəyə keçirilməsi məsələsinə baxıldı və müvafiq qərar qəbul edildi.
Sonda İnstitutun baş direktoru, akademik Əli Abbasov iclasa yekun vuraraq qarşıda duran əsas vəzifələrin yerinə yetirilməsi üçün müəyyən tapşırıqlarını səsləndirdi.