İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları "Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları" I Beynəlxalq elmi-praktik konfransda iştirak etdilər
23.09.2021 / Xəbərlər16-17 sentyabr 2021-ci il tarixlərində on-line formatında "Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları" I Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Qeyd edək ki, konfransın plenar iclasları 16 sentyabr 2021-ci il tarixində Ağdam şəhərində baş tutmuşdur.
Konfransda AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, "İntellektual qərar qəbuletmə üsulları və kompüter sistemləri laboratoriyası"nın müdiri, professor Elçin Əliyev, həmin laboratoriyanın İKT üzrə tədqiqatçısı, texnika üzrə fəlsəfə doktoru Xanmurad Abdullayev və "Xarici əlaqələr və İnnovasiya şöbəsi"nin müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev iştirak etdilər. Akademik Əli Abbasovun Elçin Əliyev və Xanmurad Abdullayevlə həmmüəllifi olduqları 3 məqalə kofransa təqdim olunmuşdu: “Erməni işğalından azad olunmuş Qarabağ ərazisinin regenerasiyası üçün klaster yanaşması”, “Klaster təşəbbüsləri çərçivəsində Qarabağ bölgəsinin innovativ inkişafının maliyyələşdirilməsi” və “Ağıllı kənd” konsepsiyası Qarabağın işğaldan azad olunmuş ərazilərinin innovativ regenerasiya üsulu kimi”.
Birinci iki mövzu üzrə çıxış edən Elçin Əliyev Qarabağ bölgəsinin yenidən qurulması üçün xarici investisiyaların cəlb olunmasının vacibliyini qeyd edərək, bu məqsədlərin əldə olunması üçün dünya təcrübəsində tətbiq olunan “klaster” modelini təklif etmişdir. Bu modelin üstünlüklərindən danışan Elçin Əliyev Azərbaycanda iqtisadiyyatın ənənəvi olaraq hökumətin əhəmiyyətli iştirakı ilə fərqləndiyini nəzərə alaraq dirigiste klaster qurulma modelinin Qarabağ bölgəsi üçün daha münasib hesab edildiyini diqqətə çatdırmışdır. Elçin Əliyev öz çıxışında həmçinin Qarabağın bərpası üçün ayrılan maliyyə resurslarının səmərəli xərclənməsi məqsədilə "Səhmdar İnvestisiya Fondu" yaradılmasını təklif etmiş və sahibkarları cəlb edəcək xüsusiyyətlərə görə, habelə layihələr ideya, bilik resursları, metod, texnologiya, avadanlıq, aktuallıq, məsələlər və ya problemlər kimi bir çox meyarlarla filtrasiya etməyə imkan verən layihələr anbarı yaratmağın vacibliyini qeyd etmişdir.
Elçin Əliyev klaster təşəbbüsləri çərçivəsində Qarabağ bölgəsinin innovativ inkişafının maliyyələşdirilməsi məsələlərinə toxunmuş və regional layihələrin, kiçik və orta biznesin maliyyələşdirilməsinin təşkili və özəl kapitalı cəlb etmək üçün vahid universal “Finance Mega Mart" platformasından söz açmış və respublikada dayanıqlı inkişaf məqsədləri üçün həmin konsepsiyanın həyata keçirilməsinin vacib olduğunu bildirmişdir. Elçin Əliyev bu platformanın Azərbaycanda tətbiqinin əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, platforma Azərbaycanın dünya birliyinin maliyyə sektorunun inkişafında uğurlu nümunə kimi qəbul edilməsinə və mövqeyinin güclənməsinə imkan verəcək, xarici kapitalın və yerli potensial investorların cəlb edilməsi üçün əlavə təşviqat rolunu oynayacaqdır.
Konfransda 3-cü mövzu üzrə “Ağıllı Kənd” layihəsinin inkişafı məqsədləri üçün yaradılmış və İdarəetmə Sistemləri İnstitutunun da daxil olduğu Konsorsiumun üzvü olan “Qorqud Holding” MMC-nin nümayəndəsi Nihad Əliyev çıxış etdi.