İdarəetmə Sistemləri İnstitutunda "Anım Günü"nə həsr olunmuş tədbir keçirilib
27.09.2021 / Xəbərlər27 sentyabr 2021-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq Anım Gününə həsr olunan tədbir keçirilmişdir. Tədbirdə İnstitutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, alim və mütəxəssislər iştitak ediblər.
İSİ-nin baş direktoru, akademik Əli Abbasov giriş nitqi ilə tədbiri açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə 27 sentyabr tarixinin Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edildiyini vurğuladı və tədbir iştirakçılarını İSİ əməkdaşlarının hazırladığı 44 günlük Vətən müharibəsinin tarixi anlarını xatırladan video yazıya baxmağa dəvət etdi.
Sonra Ə.Abbasov Azərbaycanın əzəli və əbədi torpağı, ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixindən, hələ ötən əsrdə keçdiyi çətin siyasi dövrdən, mənfur düşmənin törətdiyi cinayətlərdən, Birinci Qarabağ müharibəsindən, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin zəfərə aparan uğurlu siyasətindən ətraflı şəkildə bəhs etdi.
Ə.Abbasov ötən il baş verən 44 günlük Vətən müharibəsinin gedişatına nəzər salaraq bildirdi ki, Ermənistanın 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqların azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlər, bütövlükdə xalq bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Müharibənin ilk günündən sonunadək istər hərbi, istərsə də siyasi arenada ölkəni uğurla təmsil edən ölkə başçısının çoxsaylı xarici mətbuat nümayəndələrinə verdiyi müsahibələrdən, müxtəlif beynəlxalq qurumlarla keçirilən görüşlərdən və Azərbaycanın haqq səsinin eşidilməsində başda qardaş ölkə Türkiyə olmaqla bir çox ölkənin iştirak etməsini vurğuladı. Azərbaycanın diplomatik mübarizəsindən bəhs edən Ə.Abbasov qeyd etdi ki, Müzəffər Azərbaycan Ordusunun siyasi və hərbi arenada üstünlüyü qarşısında aciz qalan düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla dəfələrlə müharibə cinayətləri törətmiş, beynəlxalq hüquq normalarını pozmuşdur.
Münaqişənin başlama səbəblərini, gedişatını siyasi, iqtisadi, informasiya savaşı və hərbi istiqamətlərdə şərh edən Ə.Abbaov qeyd etdi ki, işğal altında olan torpaqlar qəhrəman şəhidlərin, əsgər və zabitlərin, qazilərin qanı və canı bahasına azad olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr 2020-ci il tarixində imzalanan bəyanatını, faktiki olaraq Ermənistanın kapitulyasiya aktını xatırladan akademik bildirib ki, döyüş meydanında zəfər çalan Azərbaycanın tam qələbəsi isə ölkə başçısı İlham Əliyevin siyasi iradəsi nəticəsində işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz geri qaytarılması oldu.
Saat 12:00-da tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə ölkə ərazisində elan olunan bir dəqiqəlik sükuta qoşuldular.
Sonra AMEA-nın müxbir üzvü Qorxmaz İmanov çıxış edərək qeyd etdi ki, şücaətli Azərbaycan ordusunun ötən il baş verən İkinci Qarabağ müharibəsində qələbəsi nəticəsində Azərbaycan xalqının otuz illik həsrətinə son qoyuldu, doğma torpaqlar şəhidlərin qanı bahasına düşmən işğalından azad edildi. Qarabağın siyasi tarixinə nəzər salan Q.İmanov münaqişənin köklərinin ötən əsrdən başladığını qeyd edərək bildirdi ki, Vətən müharibəsi nəticəsində qazanılan qələbə düşmənə sarsıdıcı zərbə endirdi. Q.İmanov erməni təcavüzkarlarının törətdiyi saysız-hesabsız dağıntıları təəssüf hissi ilə qeyd etdi və Qarabağla bağlı xatirələrini bölüşdü. Çıxışının sonunda qarşıda duran bərpa işlərindən bəhs edən Q.İmanov informasiya texnologiyalarının önəminə toxunaraq bu istiqamətdə AMEA-nın, o cümlədən İSİ alimlərinin aktiv iştirak edə biləcəklərini qeyd etdi.
Daha sonra professor Knyaz Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və ölkə başçısı İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət, hərbi arena ilə yanaşı, siyasi arenada, idman, mədəniyyət, incəsənət sahələrinə göstərdiyi qayğı və diqqət nəticəsində Azərbaycanın bu istiqamətlərdə əldə etdiyi uğurlarıdan bəhs etdi. Həmçinin, müharibə dövründə istifadə edilən müasir texnikaların əhəmiyyətinə toxunan K.Məmmədov hərbi texnikalarının ordu quruculuğunda istifadəsinə görə Azərbaycanın bir çox ölkələrə nümunə olduğunu qeyd etdi. Sonda K.Məmmədov Qarabağla bağlı öz xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.
Professor İlqar Məmmədov və Könül Ömərova çıxış edərək qeyd olunan fikirlərə bir daha toxunmuş, İkinci Qarabağ müharibəsinin önəmindən və qüdrətli Azərbaycan ordusunun uğurlarından bəhs etmişlər. Könül Ömərova müharibədə canından keçmiş bütün şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq qələmə aldığı "Əş-Şəhid" adlı yazısını tədbir iştirakçılarına təqdim edib.
Sonra İSİ-də əməkdaşlıq müqaviləsi əsasında fəaliyyət göstərən “Sinam” şirkətinin Vətən Müharibəsində iştirak etmiş əməkdaşları: “Cəsur döyüşcü” və “Suqovuşanın azad edilməsi” medalları ilə təltif olunan Hüseyn Axund və “Qubadlının azad edilməsi” medalı ilə təltif olunan Təbriz İsmayılov çıxış edərək 44 günlük Vətən müharibəsinin başlanması, gedişatı və əldə olunan uğurlardan bəhs etdilər. Müharibə dövrünün özünəməxsus çətinlikləri olduğunu vurğulayaraq Azərbaycan ordusunun şücaətini, mənfur düşmənin təxribatlarını və xalqın Ali Baş Komandan və ordu ətrafında bir yumruq kimi birləşməsini qeyd etdilər. Torpaqların azadlığı uğrunda canını fəda edən şəhidləri ehtiramla anan müharibə iştirakçıları tədbirə dəvət olunduqlarına görə İSİ rəhbərliyinə öz təşəkkürünü ifadə etdilər.
Tədbirin sonunda Ə.Abbasov Azərbycanın ərazi bütövlüyü uğrunda cəsarətlə canından keçmiş Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərini dərin ehtiramla yad edərək onlara Allahdan rəhmət dilədi.